Bank Of Baku

BTC-nin operatorluğu bu gündən bp-dən SOCAR-a keçib

BTC-nin operatorluğu bu gündən bp-dən SOCAR-a keçib
# 01 iyul 2026 12:24 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan Şirkəti (BTC Co) elan edib ki, 1 iyul 2026-cı il tarixindən Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft boru kəmərinin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” (bp) şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə (SMO) keçir.

bp-dən “APA-Economics”ə verilən məlumata görə, operatorluğun ötürülməsi BTC boru kəmərinin hər üç - Azərbaycan, Gürcüstan və Türkiyə - hissəsini əhatə edir. Bundan əlavə, BTC boru kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar hazırda bp tərəfindən icra olunan ümumi fəaliyyətlərin operatorluğu da SMO şirkətinə keçir.

“Operatorluğun ötürülməsi BTC layihəsinin əsasını təşkil edən və yekun hazırlıq qərarının bir hissəsi kimi qəbul edilmiş müvafiq sazişlərə əsaslanır.Ötürülmə Səngəçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla, hər üç ölkədəki bütün ayrıca BTC obyektlərini və fəaliyyətləri, eləcə də BTC/CQBK-yə aid ümumi fəaliyyətləri əhatə edir”, - məlumatda qeyd olunur.

Məlumata görə, Səngəçal terminalının operatorluğu dəyişməz qalır - bp bu obyektin operatorluğunu icra etməkdə davam edəcək. BTC Co. şirkətinin səhmdarlıq strukturu da dəyişməz qalır.

“Bu gün elan etdiyimiz mərhələ BTC layihəsi üçün əlamətdar bir hadisədir. Çox qürurluyuq ki, BTC-nin operatoru kimi onun uzun illərdir davam edən təhlükəsiz, etibarlı və yüksək səmərəli fəaliyyətinin icraçısı olmuşuq – istər üç ildən artıq bir müddətdə - boru kəmərinin üç tranzit ölkə ərazisində görünməmiş bir miqyasda və texniki baxımdan son dərəcə mürəkkəb tikinti prosesinə rəhbərlik etməyimiz olsun, istərsə də ondan sonrakı iyirmi ildən artıq bir müddətdə kəmərin səmərəli və təhlükəsiz istismarını təmin etməyimiz olsun. Bütün bu müddət ərzində BTC dünya bazarlarına etibarlı neft ixracı yolu kimi enerji təhlükəsizliyini gücləndirib. Əminik ki, SOCAR da BTC əməliyyatlarının təhlükəsiz, etibarlı və mükəmməl icrasını davam etdirərək eyni dərəcədə yüksək standartları qoruyub saxlayacaq. Biz də BTC və CQBK layihələrinin səhmdarı kimi SOCAR və digər tərəfdaşlarımızla sıx və uzunmüddətli tərəfdaşlığımızı davam etdirəcəyik. Həmçinin, BTC sisteminin bp tərəfindən idarə olunduğu müddət ərzində göstərdikləri davamlı dəstək, əməkdaşlıq və etimada görə BTC Co. İdarə Heyətinə və bütün tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk”, - bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib.

SOCAR-ın prezidenti Rövşən Nəcəfin sözlərinə görə, Bakı–Tbilisi–Ceyhan boru kəməri Azərbaycanın uzaqgörən enerji strategiyasının, möhkəm beynəlxalq tərəfdaşlıqların və uzunmüddətli əməkdaşlıq öhdəliyinə birgə sadiqliyinin davamlı göstəricisidir.

“Ötən iyirmi il ərzində BTC Azərbaycanın davamlı inkişafına mühüm töhfə vermiş, regional əməkdaşlığı gücləndirmiş və qlobal enerji təhlükəsizliyini artırıb. BTC-nin operatorluğunun BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemlərinin ümumi operatorluğu ilə birgə SOCAR-a ötürülməsi şirkətin dünya səviyyəli enerji infrastrukturunun idarə edilməsində artan təcrübəsini əks etdirən mühüm bir mərhələdir. SOCAR bu strateji enerji dəhlizinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək öhdəliyinə tam sadiq qalaraq onun regional və qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da gücləndirəcək”, - Rövşən Nəcəf vurğulayıb.

Bundan əvvəl, müvafiq sazişlərə uyğun olaraq, 8 iyun 2026-cı il tarixindən Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan və Gürcüstan ərazilərindəki obyektləri müvafiq olaraq Azərbaycan (SMO) və Gürcüstan (Gürcüstan Neft və Qaz Korporasiyası – GOGC) hökumətləri adından çıxış edən qurumlara geri təhvil verilmişdir.

“SOCAR Midstream Gas Operations” MMC (SOCAR MGO) 2015-ci ildən CQBK-nin kommersiya operatoru, 2021-ci ildən isə texniki operatorudur və bu müddət ərzində, BTC və CQBK üzrə ümumi fəaliyyətlərin idarə edilməsi SOCAR və bp arasında möhkəm əməkdaşlığa söykənib.

bp və SOCAR sıx işləyərək operatorluğun ötürülməsinin əhatə etdiyi bütün obyektlərin və əlaqədar fəaliyyətlərin təhlükəsiz və nizamlı şəkildə ötürülməsini və bu müddət ərzində boru kəməri əməliyyatlarının etibarlı və fasiləsiz davam etməsini təmin ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR