Paşha Bank
Bank Of Baku

İranda ən böyük Günəş Elektrik Stansiyasının tikintisi başa çatıb

İranda ən böyük Günəş Elektrik Stansiyasının tikintisi başa çatıb
# 23 oktyabr 2026 15:58 (UTC +04:00)

İranın ən böyük Balman Günəş Elektrik Stansiyası gündə 1 800 meqavat-saat elektrik enerjisi istehsal edir.

APA-nın Tehran bürosunun xəbərinə görə, İranın ən böyük günəş elektrik stansiyası gücünün artırılması başa çatdıqdan sonra gündəlik 1 800 meqavat-saat elektrik enerjisi istehsalı gücünə çatıb.

Beş ay əvvəl ilkin olaraq 130 meqavat güclə istismara verilən stansiyanın hazırkı istehsal gücü 277 meqavata çatıb.

Balman Günəş Elektrik Stansiyasının baş direktoru Cəmşid Rəhimi APA-ya müsahibəsində bildirib ki, stansiya regionda enerji çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, stansiya özəl sektorun 70 milyon dollar həcmində investisiyası hesabına istifadəyə verilib.

Rəhimi qeyd edib ki, stansiyanın tikintisi bir il ərzində başa çatdırılıb və işlər zamanı ətraf mühitə dəyən zərərin minimuma endirilməsinə çalışılıb.

O əlavə edib ki, stansiyada Çindən idxal edilmiş 700 vatt gücündə 450 min günəş panelindən istifadə olunur. Onun sözlərinə görə, bu panellər dünyada mövcud olan günəş panelləri arasında ən yüksək səmərəlilik və məhsuldarlıq göstəricilərinə malikdir. Stansiyada istehsal olunan elektrik enerjisi ölkədə mövcud enerji çatışmazlığının əhəmiyyətli hissəsinin aradan qaldırılmasına kömək edir.

Qeyd edək ki, rəsmi mənbələrin məlumatına görə, son müharibə zamanı İranın elektrik infrastrukturu genişmiqyaslı zərər görüb. Texniki qiymətləndirmələrə əsasən, bu zərərlər nəticəsində ölkənin elektrik şəbəkəsinin gücü təxminən 4 200 meqavat azalıb, şəbəkənin 2 mindən çox nöqtəsi zədələnib.

İran son illərdə, xüsusilə sənaye sektorunda elektrik enerjisi çatışmazlığı problemi ilə üzləşir.

Elektrik istehlakının nəzarətsiz artması, kriptovalyuta hasilatı üçün elektrik enerjisindən qanunsuz istifadə və elektrik enerjisi sektoruna kifayət qədər investisiya qoyulmaması İranda enerji çatışmazlığının əsas səbəbləri sırasında göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR