Kanada beynəlxalq tərəfdaşları ilə birlikdə enerji səmərəliliyinin dayanıqlı, əlçatan və rəqabətqabiliyyətli enerji sistemlərinin əsas istiqamətlərindən biri kimi inkişafını sürətləndirmək niyyətindədir.
“APA-Economics”in Beynəlxalq Enerji Agentliyinə (IEA, BEA) istinadən verdiyi məlumata görə, иunu Kanadanın təbii sərvətlər naziri Tim Hodjson Monrealda keçirilən Enerji Səmərəliliyi üzrə XI Qlobal Konfransında bildirib.
Onun sözlərinə görə, qlobal qeyri-müəyyənlik şəraitində enerjidən daha səmərəli istifadə ev təsərrüfatlarının və biznesin qorunması, eləcə də iqtisadiyyatın gücləndirilməsi baxımından ən operativ və səmərəli vasitələrdən biridir.
Nazir bildirib ki, Monrealda bir daha təsdiqlənən öhdəliklər 2030-cu ilədək enerji səmərəliliyinin artırılması tempinin iki dəfə yüksəldilməsi, enerji xərclərinin azaldılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və davamlı iqtisadi artımın təmin olunması istiqamətində ortaq iradəni nümayiş etdirir.
Kanadanın ətraf mühit, iqlim dəyişikliyi və təbiətin mühafizəsi naziri Culi Dabrusin isə qeyd edib ki, enerji səmərəliliyinə yatırılan investisiyalar iqtisadiyyat üçün ən yüksək gəlir gətirən investisiyalardan biri hesab olunur.
Nazir əlavə edib ki, Kanada xalis sıfır emissiyalara keçid istiqamətində rəqabətqabiliyyətli iqtisadiyyat qurmağa davam edir və beynəlxalq tərəfdaşlarla birlikdə qəbul edilən öhdəliklər bu məqsədə nail olunmasına xidmət edəcək.