Qlobal vəziyyət mürəkkəbləşdikcə, ölkələr və regionlar arasında əməkdaşlığın əhəmiyyəti daha da artır.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Laos İnvestisiya və biznes forumunda öz çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Laosla ikitərəfli əməkdaşlığının gücləndirilməsi iki ölkəmizin çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətinə də töhfə verəcək: “Böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz Azərbaycanın çoxtərəfli əməkdaşlığa və dayanıqlı inkişafa sadiqliyini nümayiş etdirir. Azərbaycanın siyasi və makroiqtisadi sabitliyi investorların ölkəmizə uzunmüddətli perspektivdə etimadını təmin edir. “Fitch” və “Moody’s” reytinq agentlikləri Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsinədək yüksəldiblər. Ölkəmiz həmçinin öhdəliklərinə sadiq qalan etibarlı tərəfdaş kimi tanınır”.
Nazir müavini qeyd edib ki, Azərbaycan insan kapitalına investisiya yatırır, iqtisadiyyatın rəqəmsallaşdırılmasına və süni intellektin inkişafına üstünlük verir: “Azərbaycanın Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Dünya İqtisadi Forumunun şəbəkəsinin bir hissəsidir. Bu üstünlüklər, ölkəmizin iqtisadi potensialı və aydın inkişaf strategiyası beynəlxalq investorların Azərbaycana artan etimadını şərtləndirir. Təsadüfi deyil ki, idarə etdikləri aktivlərin ümumi dəyəri 30 trilyon ABŞ dollarından çox olan şirkətlər ötən ay keçirilən ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak ediblər”.