Bank Of Baku

Qazdan istifadəyə dair yeni qaydalar müəyyənləşib, prosedurlar elektronlaşdırılır

Qazdan istifadəyə dair yeni qaydalar müəyyənləşib, prosedurlar elektronlaşdırılır
# 09 iyul 2026 17:57 (UTC +04:00)

Qazdan istifadəyə dair yeni Qaydalar müəyyənləşib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Müəyyən edilib ki, istehlakçının tikinti obyektinin qaz təchizatı ilə bağlı qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

Yeni Qaydaların təsdiqiylə əlaqədar “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ləğv edilib.

Beləliklə, yeni Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini Tənzimləyici həyata keçirir. Dövlət nəzarətinin həyata keçirilməsi zamanı bu Qaydaların, qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması halları aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlı Tənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Həmin yazılı göstərişlərin icrası qaz təchizatı subyektləri və istehlakçılar üçün məcburidir.
Bu Qaydalarda Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) xidmət kanalı üzərindən həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili pərakəndə satıcının və müvafiq sistem operatorunun informasiya sistemi (Sistem) vasitəsilə həyata keçirilir.
Qaz təchizatı subyektləri tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında”, kommersiya sirri ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsi isə “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
Yeni Qaydalara əsaəsn, istehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış qazın alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlayan istehlakçının qaz təchizatı qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Topdan satıcı ilə bağlanılan qazın alqı-satqı müqaviləsinin şərtləri sərbəst müəyyən edilir.
Məişət istehlakçısının mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd əsasında bir və ya müxtəlif ünvanlar üzrə yerləşən tikinti obyektinin qaz təchizatı üçün hər bir tikinti obyekti üzrə ayrı-ayrılıqda qazın alqı-satqı müqaviləsi bağlanılır. Qeyri-məişət istehlakçısının mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd əsasında bir və ya müxtəlif ünvanlar üzrə yerləşən tikinti obyektinin qaz təchizatı üçün hər bir tikinti obyekti üzrə ayrı-ayrılıqda və ya bütün tikinti obyektləri üzrə bir alqı-satqı müqaviləsi bağlanıla bilər. Bu halda həmin tikinti obyektlərinin siyahısı qazın alqı-satqı müqaviləsinə əlavə edilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur. Qaz təchizatı həyata keçirilən tikinti obyektinin təyinatı Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dəyişdirildikdə (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi) həmin tikinti obyektinin təyinatına uyğun qaz təchizatı üçün bu Qaydalar nəzərə alınmaqla bu Qaydaların tələblərinə uyğun olaraq yeni qazın alqı-satqı müqaviləsi bağlanılmalıdır.
Qaz satıcısı qazı satmaq imkanına malik olduğu halda istehlakçılarla qazın satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina edə bilməz. Qaz satıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin bağlanılmasına, dəyişiklik edilməsinə və ya ləğv edilməsinə görə ödəniş tələb olunmur.
Qazın pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçirilir. Qazın pərakəndə satışı ilə bağlı pərakəndə satıcı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması üçün istehlakçı məlumatları Sistemə daxil edir və ya həmin məlumatların və sənədlərin Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi ərazi üzrə xidmət nöqtələrində pərakəndə satıcının işçisinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir.
Sistemə aşağıdakı məlumatlar daxil edilir:
- istehlakçının (məişət istehlakçısı istisna olmaqla) VÖEN-i;
- istehlakçının fərdi identifikasiya nömrəsi (VÖEN olmadıqda);
- istehlakçının tikinti obyektinin üzərində istehlakçının mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda);

- tələb olunan qazın ümumi saatlıq buraxılış həcmi (həmin tikinti obyekti üzrə texniki şərtlərlə müəyyən edilmiş ümumi saatlıq buraxılış qaz həcmindən çox olmamaq şərtilə);

- qaz təchizatı sisteminə dair qaydaların tələblərinə uyğun olaraq tikinti obyektinin qoşulduğu müvafiq qaz şəbəkəsindən asılı olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən verilmiş və istehlakçının tikinti obyektinin qazın nəqli şəbəkəsinə və ya qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasını təsdiq edən qoşulma aktı;

- istehlakçının tikinti obyektində sənaye qaz qurğusunun quraşdırıldığı halda sənaye qaz qurğusunun istismarına icazə;

- istehlakçının tikinti obyektində qaz sayğacının quraşdırılması aktı;

- balans mənsubiyyəti sərhədini müəyyən edən akt;

- istehlakçının mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda).
Pərakəndə satıcı istehlakçıdan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Qazın pərakəndə satışı ilə bağlı qazın alqı-satqı müqaviləsinin bağlanılması istehlakçının müraciət etdiyi tarixdən etibarən 10 (on) gündən gec olmayaraq təmin edilir.
Pərakəndə satıcının işçisi istehlakçının xidmət nöqtələri vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul edir, həmin gün qeydiyyata alır və Sistemə daxil edir. Sistemə daxil edilən məlumatlar avtomatik qaydada həmin gün qeydiyyata alınır. Sistemə daxil edilmiş məlumatların tələblənə uyğunluğu istehlakçının müraciət etdiyi gün yoxlanılır. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat pərakəndə satıcının işçisi tərəfindən xidmət nöqtələri vasitəsilə istehlakçıya təqdim edilir, yaxud poçt rabitəsi vasitəsilə istehlakçıya göndərilməsi təmin edilir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir və Sistemə yüklənilir. İstehlakçıya təqdim edilən (göndərilən) məlumatda formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. İstehlakçı həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırır. Bu zaman bu Qaydalarda nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə istehlakçının müraciətindən sonra müddətin axımı bərpa olunur. İstehlakçı sənədlərdə aşkar olunmuş çatışmazlıqları a 10 (on) gün müddətində aradan qaldırmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında pərakəndə satıcı tərəfindən qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində xidmət nöqtələri vasitəsilə istehlakçıya təqdim edilir, yaxud poçt rabitəsi vasitəsilə istehlakçıya göndərilməsi təmin edilir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir və Sistemə yüklənilir.
Sistemə daxil edilmiş məlumatların bu Qaydalara uyğunluğu təsdiqləndikdən sonra pərakəndə satıcının işçisi 1 (bir) gün müddətində qazın alqı-satqı müqaviləsini 2 (iki) nüsxədə tərtib edib imzalanması üçün xidmət nöqtələri vasitəsilə istehlakçıya təqdim edir, yaxud poçt rabitəsi vasitəsilə istehlakçıya göndərilməsini təmin edir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərir. İstehlakçı qazın alqı-satqı müqaviləsini aldığı tarixdən 2 (iki) gün ərzində qazın alqı-satqı müqaviləsinin hər iki nüsxəsini imzalayır (dövlət orqanı (qurumu) və ya hüquqi şəxs olan istehlakçılar həmçinin möhürlə təsdiq edir) və pərakəndə satıcıya təqdim edir (göndərir). Pərakəndə satıcı istehlakçı tərəfindən imzalanmış qazın alqı-satqı müqaviləsini aldığı tarixdən 2 (iki) gün müddətində hər iki nüsxəsini imzalayır (o cümlədən möhürlə təsdiq edir) və bir nüsxəsini özündə saxlamaqla digər nüsxəsini istehlakçıya təqdim edir (göndərir), habelə istehlakçıya qazın verilməsinin təmin edilməsi üçün müqavilənin surətini Sistem vasitəsilə onun tikinti obyektinin qoşulduğu müvafiq qaz şəbəkəsindən asılı olaraq qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim edir (göndərir).
Pərakəndə satıcı hər bir istehlakçıya qazın alqı-satqı müqaviləsi bağlandığı gündən təkrarlanmayan fərdi istehlakçı kodu verir və həmin andan istehlakçı tərəfindən istehlak edilmiş qazın dəyəri və sabit tarif üzrə hesablaşmalar fərdi istehlakçı kodu üzrə aparılır. Pərakəndə satıcı hər bir istehlakçıya verilmiş fərdi istehlakçı kodunu 1 (bir) gün müddətində Sistem vasitəsilə istehlakçının tikinti obyektinin qoşulduğu müvafiq qaz şəbəkəsindən asılı olaraq qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim edir (göndərir).
Qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçının tikinti obyektinin qaz təchizatı üçün pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin və fərdi istehlakçı kodunun alındığı tarixdən 1 (bir) gün müddətində həmin müqavilə üzrə tikinti obyektinə qazın verilməsi istehlakçının iştirakı ilə 2 (iki) nüsxədə aktla rəsmiləşdirilməklə təmin edilir, aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilir və Sistemə yüklənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR