“Şəfəq” günəş layihəsi çərçivəsində ilk elektrik avadanlığı daşımaları artıq sahəyə çatdırılıb ki, bu da növbəti həftələrdə elektrik quraşdırma fəaliyyətlərinin başlanmasına imkan verir.
Bu barədə “APA-Economics” BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
“2026-cı ilin birinci yarısında Şəfəq günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda yerləşən layihə sahəsində irəliləmişdir. Fotovoltaik modullar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanmışdır və payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə ciddi irəliləyiş əldə olunmuşdur. İlk elektrik avadanlığı daşımaları artıq sahəyə çatdırılmışdır ki, bu da növbəti həftələrdə elektrik quraşdırma fəaliyyətlərinin başlanmasına imkan verir”, - hesabatda qeyd olunur.
Hesabatda bildirilir ki, aprel ayının əvvəlində layihə sahəsində ilk günəş panelinin quraşdırılması ilə mühüm mərhələ əldə olunub.
Layihə üzrə tikinti işlərində yerli resurslardan istifadə artmaqda davam edir. Hazırda layihəyə təxminən 420 yerli işçi cəlb olunub ki, bunların 150-si işğaldan azad olunmuş ərazilərdə yeni məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihədə 700-dən çox iş yerinin yaradılacağı gözlənilir və bu artan işçi qüvvəsinin yerləşdirilməsi üçün sahədəki mövcud yaşayış blokları hazırda genişləndirilməkdədir.
Ətraf mühitin qorunması layihənin əsas diqqət mərkəzində qalmaqdadır, o cümlədən tikinti sahəsinin bitki örtüyündən təmizlənməsi işlərinin monitorinqi aparılır və vəhşi heyvanların sahədən təhlükəsiz şəkildə köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqələndirilərək həyata keçirilir.
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.
“Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətində iştirak payları belədir: “bp” (40,01%), “SOCAR Green” (39,99%), Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) və “MVM” (10%).