Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağında qaz hasilatının qismən azalması 2 saylı quyunun dayanması ilə əlaqədardır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, bu quyunun istismarı texniki səbəblərə görə (dəliy yaranıb) dayandırılıb. Buna baxmayaq, Azərbaycan qaz ixracının həcmini azaltmayıb. Belə ki, hazırda ixraca göndərilən qaz həcminin bir hissəsi qaz anbarlarından götürülür. «Lakin bu da yaxşı hal deyil. Quyu tezliklə təmir olunaraq istifadəyə veriləcək. Bu quyu 6 mln. kubmetr qaz verir. Hazırda «Şahdəniz»də qaz hasilatı 5 quyuda aparılır və həcmi 23 mln. kubmetr təşkil edir. Halbuki 6 quyudan 27-28 mln. kubmetr qaz hasil olunurdu», - deyə ARDNŞ rəsmisi vurğulayıb.
X.Yusifzadə qeyd edib ki, «Şahdəniz» yatağında 6 hasilat quyusundan potensial gündəlik hasilat 25-30 mln. kubmetr qaz və 7-8 min ton kondensat təşkil edir. Bu günədək isə «Şahdəniz»dən 37,2 mlrd. kubmetr qaz və 9,8 mln. ton kondensat hasil olunub.