Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti genişmiqyaslı iməciliklər keçirir

Azərbaycan Dövlət Neft Şirkəti genişmiqyaslı iməciliklər keçirir
# 13 aprel 2013 10:00 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə iməciliklər keçirir. «APA-Economics»in məlumatına görə, Şirkət kollektivi tərəfindən yaz mövsümündə hər həftənin şənbə günləri bu münasibətlə yaşıllaşdırma və abadlıq işləri aparılmasına qərar verilib.


Bu gün ARDNŞ rəhbərliyinin iştirakı ilə Şirkətin bütün idarə və müəssisələrində genişmiqyaslı iməcilik keçirilib, ağaclar əkilib, abadlıq işləri aparılıb, əvvəllər salınmış yaşıllıqlara qulluq göstərilib. «Azneft» İB-nin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələrinin, «Azəriqaz» İB-nin qaz istismar sahələrinin, «Azərikimya» İB-nin zavodlarının, Kompleks Qazma İşləri Trestinin qazma idarələrinin, «Neftqaztikinti» Trestinin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, «Azərneftyağ» Neft Emalı Zavodunun, Neft Kəmərləri İdarəsinin, Xəzər Dəniz Neft Donanmasının kollektivləri aksiyada iştirak edib. Geofizika və Geologiya, İnformasiya Texnologiyaları və Rabitə, Sosial İnkişaf, Ekologiya İdarələri, «Neftqazelmitədqiqatlayihə» İnstitutu, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, Qaz Emalı Zavodu, Təlim, Tədris Mərkəzi və Şirkətin digər istehsalat kollektivləri öz ərazilərində ekoloji tədbirlər həyata keçirib. Şirkətin 18 minə yaxın əməkçisinin qatıldığı iməcilikdə ümumilikdə təxminən 15 min ağac və gül kolu əkilib, abadlıq işləri aparılıb. Əkilmiş ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə – küknar, şam, xan çinarı, söyüd, zeytun, Eldar şamı, meyvə ağaclarına, eləcə də qızılgül, yasəmən, novruzgülü və dekorativ gül kollarına üstünlük verilib. Ümumiyyətlə, bu günədək ARDNŞ tərəfindən 500 mindən artıq ağac əkilib. Təkcə 2010-2012-ci illər ərzində Şirkətin idarə və müəssisələrinin ərazisində 250 mindən artıq müxtəlif növlü ağac-kol bitkiləri əkilib, aparılmış rekultivasiya tədbirləri nəticəsində bərpa olunmuş mədən torpaqlarının ümumi sahəsi 1 300 hektara çatdırılıb.


ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Şirkətin digər vitse-prezidentləri, baş ofisin idarə rəhbərləri Bibiheybətdə neftlə çirklənmədən təmizlənmiş ərazidə olub, ekoloji vəziyyətlə maraqlanıb, burada keçirilən iməcilikdə ağaclar əkiblər.


İməcilik zamanı ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində beynəlxalq standartlar və qüvvədə olan normalara cavab verən təxirəsalınmaz işlərdən, həyata keçirilən kompleks tədbirlərdən söz açılıb, neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan problemlərin həlli məqsədilə görülən mühüm işlərin davamlı olacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR