Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2012-ci ilin oktyabr ayında 99,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks sentyabr ayı ilə müqayisədə 1,6 faiz bəndi azdır:

IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks oktyabr ayında istehsal edilmiş məhsulun dəyəri (2,742 mlrd. manat) sentyabrda istehsal edilmiş məhsulun dəyərinə (2,768 mlrd. manat) bölünməklə hesablanıb.
Göründüyü kimi, indeksin enməsi ilə yanaşı o, 100%-dən aşağı düşüb. Bu, oktyabr ayında istehsalın aylıq müqayisədə azalmasından xəbər verir. Sahəvi təhlil azalmanın mədənçıxarma sənayesinin işi nəticəsində baş verdiyi göstərir. Belə ki, mədənçıxarma sənayesində istehsalın həcmi oktyabr ayında təxminən 72 mln. manat azalıb, emal sənayesində isə istehsalın həcmi 50,2 mln. manat artıb.