Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2013-cü il martın 1-nə mənfi 0,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks fevralın əvvəlində müsbət 8,7%-ə bərabər olub.
Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, indeks mənfidir və bu, anbarlarda mal ehtiyatlarının azaldığını göstərir. Belə ki, 2013-cü il martın 1-nə sənaye müəssisələrinin anbarlarında 314,7 mln. manat həcmində hazır məhsul ehtiyatı olub, bu da fevralın 1-nə nisbətən 2,5 mln. manat azdır.
Sənaye mal ehtiyatlarının azalması istehsalın və istehlakçılar tərəfindən sifarişlərin dinamikası ilə əlaqədar ola bilər. Statistikaya əsasən, mədənçıxarma sənayesi üzrə istehsalın həcmi fevralda yanvarla müqayisədə 264 mln. manat, emal sənayesi üzrə isə 25,5 mln. manat azalıb ki, nəticədə 289,5 mln. manat həcmində ümumi azalma müşahidə olunub. Göründüyü kimi, mal ehtiyatlarının azalması tam fərqli, dəfələrlə kiçik olan miqyasda olub. Beləliklə, mal ehtiyatlarının azalması istehsalın azalması nəticəsində baş versə də, tələbatın azalması da müşahidə olunub.