Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilişi dayandırılıb.
APA-nın Şəki-Zaqatala bürosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, bu gün səhər saat 08:00 radələrindən ölkənin şimal-qərb rayonlarına (Balakən, Zaqatala, Qax) təbii qazın verilməsi dayandırılıb.
Zaqatala Qaz İstismarı İdarəsindən APA-ya bildirilib ki, təbii qazın kəsilməsi 530 mm-lik Yevlax-Balakən magistral qaz kəmərinin 112, 113 və 115 km-liyində aparılan cari təmir işləri və 330 mm-lik yeni qaz xəttinin qoşulması ilə əlaqədardır.
Hazırda Ağdaş Magistral Qaz Kəmərləri idarəsinin əməkdaşları təmir və yeni qaz xəttinin qoşulması işlərinə başlayıb. Günün sonuna təmir işlərinin başa çatdırılacağı və bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.