Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 36,4 mln. ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 7% azdır.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 27,7 mln. ton neft ötürülüb, bu da ötən ilin ilk 10 ayına nisbətən 6,7% azdır. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,6 mln. ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 53% çoxdur.
Bununla yanaşı, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 15,6 mlrd. kubmetr və ya 4,1% çox qaz nəql edilib. Nəql edilmiş qazın 21%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 10 ay ərzində 3,3 mlrd. kubmetr və ya ötən ilin eyni dövrünə nisbətən 10,8% az qaz ötürülüb.