Bakı. Anaxanım Hidayətova - APA-Economics. Bu ilin may ayında energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun toplantısı keçiriləcək.
“APA-Economics”in xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bildirib.
Onun sözlərinə görə, bu barədə razılıq Ukrayna iqtisadiyyat nazirinin Bakıya səfəri zamanı əldə olunub. İşçi qrup qaz layihəsi üzrə iqtisadi rentabelliyi qiymətləndirəcək.
Səfir Ukraynanın Odessa şəhəri yaxınlığında qaz terminalının tikiləcəyini xatırladıb: “Terminal üçün sözsüz ki, mənbə axtaracağıq. Bu açıq layihədir və Azərbaycan bu sahədə əməkdaşlıq etmək istərsə, biz bunu alqışlayarıq. İşçi qrup öz rəyini iki ölkənin energetika nazirlərinə təqdim edəcək və yekun qərarı da onlar qəbul edəcək”.
Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlığın getdikcə dərinləşdiyini vurğulayan A.Mişşenko ARDNŞ-ın bu ölkədə 30 yanacaqdoldurma məntəqəsi açdığını xatırladıb: “Biz ARDNŞ-ın fəaliyyətindən razıyıq”.