Bakı. Anaxanım Hidayətova – APA-Economics. Ermənistan hökuməti neft və qaz hasilatı üzrə kəşfiyyat işlərinin aparılması haqqında qərar qəbul edib.
“APA-Economics”in Ermənistanın müxalif “Aykakan Jamanak” qəzetinə istinadən xəbərinə görə, söhbət şist qaz yataqlarından gedir.
Qəzet yazır ki, Ermənistanda bu təbii ehtiyatın böyük yataqlarından danışmaq mümkün deyil: “Amma ölkə iqtisadiyyatına və siyasətinə nəzarəti tam ələ keçirmiş oliqarxiya azacıq ehtiyatı da mənimsəmək şansını əldən buraxmayacaq”.
Məqalə müəllifi Aram Amatuni hesab edir ki, neft və qaz yataqlarının axtarışı Ermənistanda seçki öncəsi təbliğat vasitəsi də ola bilər: “Ermənistanda neft və qaz yataqlarının axtarışı cəhdləri yeni deyil. Sovet dövründə də bu cür cəhdlər olsa da, özünü doğrultmayıb. Bundan başqa, Azərbaycanın enerji resursları sahəsindəki üstünlüyü ilə əlaqədar Ermənistan cəmiyyətində bir kompleks var. Çünki Azərbaycan nefti dünyada müəyyən rola malik olmaqla iki ölkə arasında qeyri-bərabər iqtisadi şərait yaradır”.