“APA-Economics”in xəbərinə görə, bu bəyanatla Rusiya Qaz Cəmiyyətinin rəhbəri Valeri Yazev çıxış edib.
“Rusiya qazı” forumu çərçivəsində keçirilən Moskva-Brüssel videokörpüsündə çıxış edən V.Yazev qeyd edib ki, “Nabucco” Xəzər regionundan və Yaxın Şərq ölkələrindən Avropa Birliyinə qaz nəqlini nəzərdə tutan “Cənub qaz dəhlizi”nin layihələrindən biridir: “Xəzərin hüquqi statusu həll edilmədiyindən, Türkmənistanla Azərbaycanı birləşdirməli olan Transxəzər qaz kəməri “Nabucco” layihəsinin zəif halqalarından biridir”.
V.Yazev “Cənub axını” qaz kəmərinin tikintisi layihəsi üzrə işlərin plana uyğun şəkildə davam etdiyini və dekabrın 7-də kəmərin tikintisinə başlanacağını vurğulayıb.
Qeyd edək ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.
Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan “Nabucco” qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.