Bakı. Nicat Mustafayev – APA-Economics. Yunanıstan parlamenti Trans Adriatik qaz kəməri (Trans Adriatic Pipeline - TAP) üzrə Yunanıstan, İtaliya və Albaniya arasında fevral ayında imzalanmış hökumətlərarası sazişi ratifikasiya edib.
«APA-Economics»in TAP layihəsinə istinadən verdiyi məlumata görə, sözügedən sazişdə kəmərin tikintisi və istismarı ilə bağlı məsələlər əksini tapıb: «Fevralın 13-də Afinada imzalanmış saziş bir daha tranzit ölkələrin TAP layihəsini dəstəklədiyini və layihənin vaxtında icra etmək məqsədilə əməkdaşlıq etmələrini əks etdirir.
Qeyd edək ki, TAP Azərbaycan qazının Avropaya çatdırılmasında ən qısa marşrut hesab olunur. Layihənin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq. Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bu, «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.