“AzerGold” tərəfindən mineral resurs bazasının artırılması məqsədi ilə bu günə qədər genişmiqyaslı işlər aparılıb.
"APA-Economics" xəbər verir ki, bunu "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat brifinqi zamanı bildirib.
"Hazırda ilkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min km² ərazini əhatə edən geoloji tədqiqatlar davam etdirilir və bu işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla ölkəmizin mineral resurs potensialı xəritələndiriləcək", - sədr vurğulayıb.
Zakir İbrahimov qeyd edib ki, hazırda axtarış-qiymətləndirmə mərhələsində 10 perspektivli qızıl-mis sahəsi var: "Onların resursları qiymətləndirməsi davam edir və bu prosesin də 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur".
"Naxçıvan Muxtar Respublikasının hüdudları daxilində bir müddət əvvəl Birləşmiş Ərəb Əmirlikləri şirkəti - “International Resources Holding” ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə tərəfindən ilkin axtarış-qiymətləndirmə işlərinə intensiv hazırlıq işləri görülür. İlkin kəşfiyyat mərhələsində “AzerGold”un portfelinə daxil 5 yataq mövcuddur və bu yataqlar üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam edir. Naxçıvanda yerləşən Göydağ və Başkənd, eləcə də Balakəndə yerləşən Mazımçay mis yataqları üzrə müvafiq olaraq təxminən 375 min, 289 min və 849 min GEO ilkin resurs müəyyən edilib. Bu üç yataq üzrə ümumi ilkin resurs təxminən 1,5 milyon GEO təşkil edir.
Naxçıvanda yerləşən Nəsirvaz polimetal və Kəlbəcərdə yerləşən Tutxun qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir", - sədr qeyd edib.