Qaxda ata və oğul çoban itinin hücumuna məruz qalıb

Qaxda ata və oğul çoban itinin hücumuna məruz qalıb
# 16 aprel 2016 09:05 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonu ərazisində çobanlıq edən və Zaqatala rayon sakinləri olan ata və oğul özlərinə məxsus quduzlaşmış çoban itinin hücumuna məruz qalıblar.


Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 15-də gecə saat 23.00 radələrində Zaqatala rayonunun Gözbarax kənd sakini, 1952-ci il təvəllüdlü Nəzir Şərif oğlu Məmmədov, bu gecə saat 03.00 radələrində isə Nəzir Məmmədovun oğlu, 1994-cü il təvəllüdlü Arzuman Məmmədov xəstəxanaya daxil olublar. Onların hər ikisini it dişləyib. Ata və oğula lazımi tibbi yardım göstərilib və onlar quduzluq əleyhinə peyvənd olunaraq ambulator müalicə almaq şərtilə evə buraxılıblar.

Xəsarət alan Arzuman Məmmədov APA-ya bildirib ki, ailəsinə məxsus 150 baş xırda buynuzlu və bir neçə baş iri buynuzlu mal-qaranı saxlamaq üçün Qax rayonu ərazisində bir fermanı icarəyə götürüblər. Aprelin 15-də axşam saatlarında sürünü yırtıcı heyvanlardan qorumaq üçün saxladıqları çoban itlərindən biri qəfildən atasına hücum edərək onun sağ əlini dişləyib. Atasını Qax RMX-da müayinə edib geri gətirən A. Məmmədov iti toxa ilə öldürüb. Bu zaman digər çoban iti Arzumana hücum edərək onun sağ dizi və sol biləyini dişləyib. A. Məmmədovun sözlərinə görə, sürüdə olan çoban itlərində artıq 10 gündür quduzluq əlamətləri var. Belə ki, bir həftə əvvəl itlər bir baş inəyə və bir baş qoyuna xəsarət yetirib, 3 baş yeni doğulan quzunu isə öldürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR