Səkkiz ölkədəki Azərbaycan diaspor mərkəzlərinin ofisləri arasında onlayn əlaqə sistemi yaradılıb

Səkkiz ölkədəki Azərbaycan diaspor mərkəzlərinin ofisləri arasında onlayn əlaqə sistemi yaradılıb
# 08 fevral 2016 07:59 (UTC +04:00)

Kiyev. Mübariz Aslanov – APA. Dünyanın 8 ölkəsində Azərbaycanın diaspor mərkəzlərinin ofisləri arasında onlayn əlaqə sistemi yaradılıb.

APA-nın məlumatına görə, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) təşkilatının ofisində keçirilən görüş zamanı qurumun sədri Hikmət Cavadov bildirib ki, onlayn sistemə qoşulan ölkələrdəki diaspor təşkilatları bir sıra layihələri müzakirə edir, birgə tədbirlər həyata keçirir.

Ukrayna da daxil olmaqla, Rusiya, ABŞ, Türkiyə, Belçika, Almaniya, Fransa və Gürcüstandakı Azərbaycan diaspor təşkilatlarının qoşulduğu bu sistemə başqa diaspor qurumlarının da qoşulması planlaşdırılır.

H. Cavadov digər layihələr barədə də məlumat verib. O qeyd edib ki, Ukraynada yaratdıqları “diaspor.tv” internet televiziyasını peykə çıxarmağa hazırlaşırlar: “Bunun üçün əsas işlər demək olar ki, həll olunub”.

Ukraynanın bir sıra yerində Azərbaycan dilində qısasaatlı məktəblərin açılmasını da planlaşdırdıqlarını deyən H. Cavadov təşkilat olaraq Ukraynada təhsil alan azərbaycanlı gənclərin mərkəzləşdirilməsi üçün layihələrə start verəcəklərini bildirib. UABD mərkəzi ofisində Kiyevdə oxuyan azərbaycanlı tələbələr üçün toplaşma zalı fəaliyyət göstərməyə başlayıb. Ofisdə ölkə üzrə nəşr olunan “Slovo Azerbaydjana” və Azərbaycan dilində “Azərbaycanın sözü” qəzetlərinin redaksiyası da fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR