Müşfiq Ələsgərli: "Beynəlxalq tədbirdə vurğulandı ki, Avropanın nüfuzlu media qurumları qeyri-rəsmi güclərin maraqlarının təmsilçisinə çevrilib"

Müşfiq Ələsgərli: "Beynəlxalq tədbirdə vurğulandı ki, Avropanın nüfuzlu media qurumları qeyri-rəsmi güclərin maraqlarının təmsilçisinə çevrilib"
# 04 iyun 2015 16:11 (UTC +04:00)

Bakı - APA. Avropa qitəsinə daxil olan ölkələrdə fəaliyyət göstərən jurnalist təşkilatlarının illik toplantısı keçirilib.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Monteneqronun Budva şəhərində iyunun 1-3-də keçirilən toplantıya Avropanın 40 ölkəsindən 49 jurnalist təşkilatı qatılıb. Avropa Jurnalistlər Federasiyasının təşkilatçılığı və ATƏT-in dəstəyi ilə keçirilən toplantıda Azərbaycandan JuHİ iştirak edib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, ATƏT və Avropa İttifaqı təmsilçilərinin də qatıldığı tədbir “Avropa məkanında medianın spesifik problemləri və yeni çağırışlar” mövzusuna həsr edilib: “Tədbirin şüarı bu oldu ki, qlobal media məkanının mütərəqqi inkişafında lokomotiv rolunu oynamalı olan Avropa mediası özü ciddi sınaqlarla üz-üzə qalıb. Xüsusi olaraq media sahibkarlığı məsələsində qeyri şəffaflığın artması, nüfuzlu media qurumlarının qeyri-rəsmi güclərin təsir dairəsinə düşməsi və onların maraqlarının təmsilçisinə çevrilməsi, reklam işinin media üçün gəlir mənbəyi olmaq mahiyyətini itirərək iri korporasiyalar üçün maliyyə maxinasiyası vasitəsinə çevrilməsi, redaksiyalarda peşəkar jurnalist heyətlərinin kütləvi ixtisarı, əmək hüquqlarının qorunmaması, əmək haqqının azlığı kimi səbəblərdən media məkanında qeyri-peşəkarlığın sürətlə artması, jurnalist ölümü hallarının çoxalması, jurnalist təhlükəsizliyi məsələsinin aktuallaşması, onlayn medianın inkişafı ilə əlaqədar olaraq müəllif hüquqlarının qorunması məsələsində problemlərin yaranması konfransda ciddi müzakirə edildi”.

M. Ələsgərli bildirib ki, beynəlxalq jurnalist təşkilatlarında narahatlıq doğuran digər bir məqam, sadalanan problemlərin ayrı-ayrı ölkələr üçün deyil, ümumilikdə Avropa məkanı üçün xarakterik hala çevrilməsidir: “Konkret nümunələr gətirilərək isbat edildi ki, sadalanan problemlər ucqarlar üçün deyil, Avropanın mərkəzi və inkişaf etmiş dövlətləri üçün də xarakterik hala çevrilməkdədir”.

JuHİ sədri qeyd edib ki, konfrans iştirakçıları neqativ tentensiyaların qarşısının alınması üçün media qurumları arasında həmrəyliyin artırılmasının, əlaqələrin gücləndirilməsinin zəruri olduğu fikrini bölüşüblər.

Konfrans çərçivəsində Rusiya Jurnalistlər Birliyi ilə Ukrayna Media İşçilərinin Həmkarlar İttifaqı arasında dialoq keçirilib. Hər iki qurum Rusiya və Ukrayna arasında yaşanan gərginliyə rəğmən, münaqişə bölgəsində fəaliyyət göstərən jurnalistlərin hüquqlarının müdafiə edilməsi yönündə əməkdaşlıq etmək barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR