2035-ci ilədək Abşeron yarımadasında 5 900 km su, 7 100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcək

2035-ci ilədək Abşeron yarımadasında 5 900 km su, 7 100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcək
# 24 sentyabr 2013 13:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı şəhəri ətrafında və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla müasir standartlara uyğun yenidən qurulması hədəf götürülüb. Bu məsələləri kompleks həll etmək üçün bizim sifarişimizlə bu sahədə böyük təcrübəyə malik Türkiyə şirkətləri Master Plan hazırlayıb.

APA-Economics”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, sənəd hazırlanarkən şəhərin perspektiv inkişaf planı, ümumi əhali artımı, turizmin inkişafı, sənaye və yol infrastrukturunun genişlənməsi faktorları əsas götürülüb: “2035-ci ilə qədər əhalinin artımı, Abşeron yarımadasında magistral su kəmərləri, su anbarları, kanalizasiya kollektorları, çirkab sutəmizləyici qurğuların məhsuldarlıqları və həcmləri müəyyənləşib. Master Plana uyğun olaraq Abşeron yarımadasında 5 900 km su, 7 100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcək”.

Q.Hüseynov qeyd edib ki, qarşıdakı illərdə ümumi tutumu 1 mln. 345 min kubmetr olan 80-dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 mln. 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulur: “İnfrastrukturun optimal idarə edilməsi məqsədilə “Azərsu” ASC-də Coğrafi İnformasiya və SCADA sistemləri yaradılır. Su təchizatı və kanalizasiya sistemlərinin vahid mərkəzdən idarə edilməsi üçün yaradılmış SCADA sistemi vasitəsilə suyun mənbədən istehlakçıyadək ötürülməsi onlayn rejimdə tənzimlənir. Bu sistem vasitəsilə anbarlarda suyun həcmi, siyirtmələrin işçi vəziyyəti, anbar çıxışlarında və şəbəkədəki təzyiq, anbarlardakı ehtiyatın həcmi avtomatik idarə olunur. Eyni zamanda xətlərdə baş verən qəza hallarının koordinatları qeydə alınır, problemin operativ aradan qaldırılması təmin edilir. Yeni sistem qəza aradan qaldırılan müddətdə su təchizatında fasilə verilən əraziləri də dərhal müəyyən edir”.

Q.Hüseynov deyir ki, “AzərsuCİS” adlanan Coğrafi İnformasiya sistemi sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə edilə biləcək: “AzərsuCİS” sisteminin içməli su təminatında səmərəliliyin artırılması, su itkilərinin azaldılması, əhalinin daimi içməli su ilə təmin edilməsi ilə yanaşı, su və kanalizasiya sektoruna sərmayə qoyuluşu və inkişaf planları üzrə optimal qərarların qəbul olunmasında da xüsusi rolu var. Bu coğrafi məlumat bazası “Azərsu” ASC-də istifadə olunan Müştəri Məlumat Sistemi, SCADA Sistemi, Elektron Kargüzarlıq Sistemi, Mühafizə və təhlükəsizlik Sistemi kimi digər məlumat bazaları ilə inteqrasiya olunaraq abonentlərin xəritə üzərində təsviri, “Qaynar xətt”ə daxil olan müraciətlərin operativ şəkildə idarə olunması, baş verən qəzalara dərhal müdaxilə edilməsi və aradan qaldırılmasına nəzarət, su və kanalizasiya infrastrukturunda olan hər bir obyekt haqqında detallı məlumatın əldə edilməsinə şərait yaradır”.

Qeyd edək ki, “AzərsuCİS” layihəsi dünyanın 2 nüfuzlu müsabiqəsinin qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR