Hilal Məmmədov məhkəmədə iştirak etməkdən imtina edib

Hilal Məmmədov məhkəmədə iştirak etməkdən imtina edib
# 30 yanvar 2013 11:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Xalid Bağırovun APA-ya verdiyi məlumata görə, məhkəmədə çıxış edən H. Məmmədov prosesin açıq keçirilməsini istəyib. H. Məmmədov bildirib ki, əgər məhkəmə qapalı keçirilsə, vəkillərinə məhkəmədə iştirak etməyə qadağa qoyacaq, özü də etiraz əlaməti olaraq proseslərdə iştirak etməyəcək: “Əgər məhkəməyə məcburi gətirilsə, qulaqlarını pambıq tıxayacaq və üzünü divara çevirəcək”.

Məhkəmə vəsatətləri təmin etməyib. Hakim bildirib ki, məhkəmə proseslərinin açıq keçirilməsi mümkün deyil.

Proses fevralın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin H. Məmmədovun həbsi ilə bağlı yaydığı məlumatda onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunduğu, həbs olunan zaman üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin, həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi kompyuter və digər informasiya daşıyıcıları aşkar edildiyi qeyd olunub.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR