Azərbaycanda aşağı orbitli peykin satınalması üzrə iddiaçılarla görüş keçirilib

Azərbaycanda aşağı orbitli peykin satınalması üzrə iddiaçılarla görüş keçirilib
# 08 may 2012 13:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərkosmos» ASC-də «Aşağı orbitli optik peykin hazırlanması, orbitə çıxarılması və sığortalanması» üzrə keçirilən satınalma prosesi çərçivəsində iddiaçılarla tender öncəsi görüş keçirilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, əsas şərtlər toplusunu almış iddiaçı şirkətlərin iştirakı ilə keçirilən görüşdə 6 şirkətin nümayəndələri iştirak edib.

Görüşdə çıxış edən tender komissiyasının üzvləri aşağı orbitli peyk layihəsi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Daha sonra layihəyə dair ümumi texniki məsələlər müzakirə edilib, o cümlədən əsas şərtlər toplusu barədə əlavə izahatlar verilib.

Xatırladaq ki, «Azərkosmos»un əsas məqsədi kimi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə kommersiya xarakteri daşıyır. İlkin məlumata görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20%-dən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40%-i Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR