Avropa İttifaqı 27 üzv ölkədən ibarət iqtisadi və siyasi birlikdir. Həmin ölkələrin siyahısına baxdıqda Aİ üzvləri arasında əhalisinin əksəriyyəti müsəlman olan heç bir ölkəyə rast gəlmək mümkün deyil. Halbuki “qoca qitə”də Türkiyə, Albaniya, Bosniya və Herseqovina kimi əhalisinin böyük hissəsi müsəlman olan ölkələr var. Həmin ölkələr uzun illərdir Avropa İttifaqının qapısında gözlədilməyə vadar edilir.
Brüssel namizəd ölkələrdən Kopenhagen kriteriyalarının icrasını tələb etsə də, şübhəsizdir ki, məsələ yalnız tələblərin praktik hissəsinin icrasında deyil, həm də mental, ideoloji dəyərlərlə bağlı aspektlərdədir.
Yəni, Avropa İttifaqının üzvü olmaq üçün yalnız qanunvericiliyi, siyasi, iqtisadi və hüquq sistemini adaptasiya etmək deyil, Aİ ilə eyni tarixi, mədəniyyəti və açıq deyilməsə də, dini dəyərləri bölüşmək tələb olunur.
İllərdir qapıda gözlədilən Türkiyə
Bu qeyri-rəsmi tələbin ən bariz qurbanı Türkiyə Respublikasıdır. Ümumiyyətlə, Türkiyə üzvlüklə bağlı Avropa İttifaqı ilə ən uzunmüddətli və nəticəsiz qalan münasibətlərə malikdir.
Hələ 1987-ci ildə Aİ-yə üzvlüklə bağlı müraciət ünvanlayan Türkiyənin 1999-cu ildə Aİ-yə namizədliyi təsdiqlənib, 2005-ci ildən isə Ankara və Brüssel arasında Aİ-yə üzvlüklə bağlı rəsmi danışıqlar aparılır.
Amma ötən 18 ildə Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı heç bir ciddi irəliləyiş əldə olunmayıb, daha doğrusu, irəliləyiş üçün zəmin yaranan kimi Avropa İttifaqı yeni tələblərlə çıxış edir. Əsas insan hüquqları və qanunun aliliyinin davamlı pozulması iddiaları altında Aİ Türkiyəyə ciddi siyasi tələblər irəli sürür, “erməni soyqırımı”nın tanımasını, Şimali Kipr Türk Cümhuriyyətindən qoşunlarını çıxarmasını istəyir.
2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin qarşısının alınmasından sonra Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər xüsusilə soyuyub.
Avropa İttifaqı 2018-ci ilin iyununda bəyanat yayaraq rəsmi Ankaranın getdikcə Aİ-dən uzaqlaşdığını və tərəflər arasında danışıqların dalana dirəndiyini bildirib.
Hazırkı məqamda nəinki Türkiyənin Aİ-yə üzvlüyü, hətta viza rejiminin sadələşdirilməsi və Gömrük Sazişinin yenilənməsi mövzuları belə çətinliklə müzakirə edilir.
Avropa İttifaqının qərəzli mövqe tutmasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə kəskin tənqid edib. Sonuncu dəfə isə elə dünən (dekabrın 19-da) Türkiyənin siyasi maneələrə görə illərdir qapıda gözləməsinin düzgün olmadığını bəyan edib.
“Avropa İttifaqı bu səhvindən əl çəkməlidir. Avropa İttifaqının bundan sonra Türkiyənin mövqeyini diqqətlə qiymətləndirməsi lazımdır. Avropa İttifaqına üzv olmağa bir çox üzv ölkədən daha çox hazır olan Türkiyənin illərdir siyasi maneələrə görə qapıda gözlədilməsi yanlışdır”, - deyə Ərdoğan vurğulayıb.
Avropalı siyasətçilər tez-tez Türkiyənin Avropa hissəsinin ərazisinin 3%-ni təşkil etdiyini, əsas hissəsinin Asiyada yerləşməsini də üzvlüyünə mane olan arqument kimi önə sürürlər. Amma onlar unudur, yaxud görməzlikdən gəlirlər ki, 2004-cü ildə Aİ-yə üzv olan Kipr coğrafi baxımdan, ümumiyyətlə, Avropa qitəsinə deyil, Asiyadadır. Bu da qərəzli yanaşmanın, ikili standartların bariz nümunəsidir.
Əslində, Avropa İttifaqının Türkiyənin əngəl törətməsinə əsas səbəbi onun 85 milyonluq müsəlman ölkəsi olması faktıdır. Demoqrafik böhran keçirən, doğumun enişdə olduğu, əhalisinin sürətlə yaşlandığı Aİ “Xristian klubu” kimi Türkiyənin İttifaqa üzvlüyündən ciddi ehtiyat edir, “qoca qitə”nin etnik və dini tərkibinin kəskin dəyişməsindən qorxur.
Aİ postsovet ölkələrini bufer zonası kimi görür
Amma əgər Türkiyə ilə bağlı məsələdə əsas maneə din faktorudursa, keçmiş postsovet ölkələri olan Gürcüstan, Moldova və Ukrayna ilə bağlı məsələ fərqlidir.
Düzdür, Avropa İttifaqı 14 dekabr tarixində keçirilən iclasında Gürcüstanın namizəd statusunu təsdiqlədi, Moldova və Ukrayna ilə isə üzvlüklə bağlı danışılar prosesinə “yaşıl işıq” yandırdı, amma nəzərə almaq lazımdır ki, Türkiyəni dumanlı vədlərlə qapıda saxlayan Brüsselin eyni fəndi keçmiş postsovet respublikalarına da tətbiq edəcəyi gözləniləndir.
Xristian həmrəyliyindən dolayı həmin ölkələrin Avropa İttifaqına üzvlüyü daha real görünsə də, burda da nüanslar çoxdur.
İlk və əsas fakt hər 3 ölkənin ərazi bütövlüyünün faktiki olaraq pozulması ilə bağlıdır.
Yəni, de-yure hər 3 ölkənin ərazi bütövlüyü tanınsa da, de-fakto Gürcüstan Cənubi Osetiya və Abxaziya regionlarına, Moldova Dnestryanı regionuna, Ukrayna isə Krım və cənub-şərq bölgələrinin önəmli hissəsinə nəzarət etmir.
Üzvlük danışıqlarına başlayan Ukraynanın hazırda müharibə apardığını nəzərə alsaq, onun hansı ərazi ilə İttifaqa daxil olması belə sual altındadır.
Amma Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano Moldova və Gürcüstanın İttifaqa hazırkı əraziləri ilə, yəni Cənubi Osetiya, Abxaziya və Dnestryanı olmadan qəbul edilə biləcəyini istisna etməyib. Sanki rəsmi Brüssel üzvlüyə namizəd ölkələrdən ərazilərinin itirilməsi ilə barışmağa, üzvlük vədi ilə dondurulmuş münaqişəni unutdurmağa çalışır.
İttifaqa üzv olmaq üçün çoxsaylı komissiya iclasları keçirilməli, hesabatlar dinlənilməli, ölkələrin hüquqi aktlarının Avropa İttifaqına üzvlük kriteriyasına uyğun səviyyəyə çatması və Avropa İttifaqında üzvlük prosesinin tam yekunlaşması üçün təxminən 70-ə qədər səsvermənin keçirilməsi tələb olunur.
Bu proses illər deyil, onilliklər tələb edir və yolun sonunda Aİ-yə üzvlük qarantiyası da yoxdur.
Əslində, Brüssel üzvlük illüziyası ilə sərhədləri ətrafında bir təhlükəsizlik qurşağı, bufer zona yaratmaq istəyir. Həm Türkiyə, həm postsovet respublikaları ona məhz bu məqsədlə lazımdır.
Özünə lazım olan məqamda üzvlüyə “stop” qoyulacağı şantajı ilə həmin ölkələrdən istədiyi siyasi və iqtisadi dividend əldə etməyə çalışır.
Məsələn, Avropa İttifaqı “Ərəb baharı”nın katalizatoru olduğu miqrant böhranını həll etmək üçün Türkiyə ilə aktiv danışıqlara getdi, rəsmi Ankara 3 milyon qanunsuz miqrantı öz ərazisində saxlamağa razılıq verərək Avropanın istəyinə qarşılıq verdi.
Yəni, maraqlarına uyğun olduğu zaman Aİ namizəd ölkələrlə aktiv danışıqlara gedir.
Ukrayna, Gürcüstan və Moldova isə Avropa İttifaqına daha çox Rusiyaya qarşı bufer zonası kimi lazımdır. Bu ölkələr sanki onun təhlükəsizlik qurşağı olur, digər tərəfdən, üzvlük illüziyasını saxlamaqla, həmin ölkələrə əlavə təsir rıçaqları əldə edir.
Bunu Gürcüstanın “Xarici nüfuz agentlərinə dair” qanunun qəbulu məsələsindən aydın görmək olar. Avropa İttifaqı Gürcüstan hakimiyyətini qanunu qəbul etməməyə çağırdı. Məhz bu qanunun qəbulundan geri çəkilməsi üçün Avropa Komissiyası 2022-ci ilin iyununda Ukrayna və Moldovanın üzvlüyə namizəd olması ilə bağlı müsbət tövsiyə verdiyi halda, onlarla eyni vaxtda üzvlük üçün müraciət edən Gürcüstana mənfi rəy verdi.
Qanunun hakim “Gürcü Arzusu” tərəfindən parlamentdən geri çəkilməsindən sonra Gürcüstan 1,5 il gecikmə ilə namizədlik statusu aldı.
Göründüyü kimi, Avropa İttifaqı bundan sonra maraqlarına uyğun olmayan addımlara görə Ukrayna, Moldova və Gürcüstana qarşı demokratiyadan və qanunun aliliyindən uzaqlaşmaq bəhanəsi ilə “cəzalandırma” metodlarından aktiv istifadə etmək şansı qazanacaq.
Gizli məzhəb savaşı: katoliklər pravoslavlara qarşı
Yuxarıda qeyd olunduğu kimi, Türkiyənin İttifaqa üzvlüyündə dini faktor əsas yeri tuturdu. Moldova, Ukrayna və Gürcüstanla isə xristian ölkələri olmalarına rəğmən, burada məzhəb fərqi özünü büruzə verir.
Hər 3 ölkə xristianlığın pravoslav məzhəbinə aiddir və bu faktor, əsasən, katolik ölkələrin idarə etdiyi Avropa İttifaqının önəm verdiyi məsələlərdən biridir. Çünki 1054-cü ildəki “Böyük Parçalanma”dan sonra ənənəvi olaraq, katoliklər və pravoslavlar arasında ciddi fikir ayrılıqları var və bu, yalnız dini ayinlərin icrası, adət deyil, dünyagörüşünə, mental dəyərlərə də sirayət edib.
Məzhəbdən doğan bu antipatiya özünü Polşa və Serbiyanın timsalında göstərir. Katolik Polşa Aİ ilə üzvlük danışıqlarının başlanmasından 6 il 1 ay sonra rəsmi üzvlük statusu qazandı. Bu ölkəyə hətta öz milli valyutası - zlotını dövriyyədə saxlamaq imtiyazı verildi.
Brüssel ən çox dotasiyanı da Polşaya ayırır. Belə ki, təkcə 2021-2027-ci il planı üzrə Polşa Avropa İttifaqından 160 milyard avro, o cümlədən 125 milyard avro qarşılıqsız yardım alacaq.
Özəl münasibət göstərilən katolik Polşadan fərqli olaraq, pravoslav Serbiya ikili standartlara məruz qalır. Bu ölkə 2012-ci ildən Avropa İttifaqına namizədlik statusu alıb, bu illər ərzində istər demokratik təsisatlar və qanun aliliyi, istərsə də qanunvericilik islahatları ilə Brüsselin kriteriyalarına uyğun səviyyəyə gəlib. Buna baxmayaraq, Serbiya ilə danışıqlar hamar keçmir və tez-tez dalana dirənir.
Brüssel həll olunmamış Kosovo məsələsi üzərindən Belqrada təsir edərək, sanki onu bu məsələdə ciddi güzəştə getməyə, üzvlük vədi altında Kosovonun müstəqil ölkə kimi tanımasına çalışır.
Təsadüfi deyil ki, Prezident Aleksandr Vuçiç 2027-ci ilə qədər Serbiyanın üzvlüyünün baş tutmayacağına əminlik ifadə edib.
İstər dini faktor, istər siyasi amillər, istərsə də iqtisadi maraqlar Avropa İttifaqının namizəd və hətta üzv ölkələrə seçici davranmasına yol açır. Qeyd edilən faktlar eyni zamanda, Aİ-nin genişlənməyə çox da maraqlı olmadığını, sadəcə, bunun illüziyasını saxladığını göstərir.
Azərbaycan Aİ ilə münasibətlərdə ideal formul tapıb
Sadalanan faktlar fonunda Avropa İttifaqı ilə uyğun əməkdaşlıq formatı tapan Azərbaycanın doğru seçim etdiyinə bir daha əmin olmaq olar. Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Rəsmi Bakı 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir.
Hazırda ölkəmiz ən böyük ticarət tərəfdaşı olan Aİ ilə viza rejiminin sadələşdirilməsi barədə danışıqları davam etdirir.
Rəsmi Bakı hazırkı şərtlər altında Avropa İttifaqının üzvü olmağa can atmır və bərabərhüquqlu tərəfdaşlığa üstünlük verir. Halbuki ərazi bütövlüyünün bərpasından sonra Azərbaycan Ukrayna, Moldova və Gürcüstandan daha cəlbedici və problemsiz namizəd ola bilərdi.
Rəsmi Bakı və Brüsselin münasibətlərini ən yaxşı şəkildə Prezident İlham Əliyevin dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söylədiyi fikirlər xarakterizə edir: “Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmir. Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir. Biz real dünyada yaşayırıq, virtual dünyada deyil. Yəni, Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək”.
Prezident “biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq” deməklə, rəsmi Bakının üzvlük illüziyaları ilə yaşamadığını, rasional və praqmatik seçim etdiyini hər kəsə açıq bəyan edib...
APA Analytics