Bank Of Baku

Azərbaycanı təhdid edənlərə tarixi xatırlatma: Biz imperiyalardan azad olmuşuq! - TƏHLİL

Azərbaycanı təhdid edənlərə tarixi xatırlatma: Biz imperiyalardan azad olmuşuq! - TƏHLİL
# 13 oktyabr 2026 19:58 (UTC +04:00)

Azərbaycanda ümumtəhsil məktəblərində şagirdlərin və müəllimlərin geyimi ilə bağlı qaydalar ətrafında yaranmış müzakirələr Türkiyə cəmiyyətində müzakirə olunur.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral bu mövzuda qalmaqallı fikirlər səsləndirib, hakimiyyətə yaxın “Akit TV”, “Yeni Şafak” və digər media qurumları Azərbaycanı açıq hədəf seçib.

Ərdoğanın baş müşaviri Azərbaycanı hədəf alıb

AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının rəhbərinin müavinlərindən olan Leyla Şahin Usta Azərbaycanda məktəbli geyim qaydaları ilə bağlı qərarı “yanlış” saydığını bildirib, Azərbaycanı məktəbli geyim qaydalarının tətbiqindən geri dönməyə çağırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral isə Azərbaycanda məktəblərdə vahid geyimlə bağlı qərarı hicablı şagirdlərin təhsil hüquqlarının məhdudlaşdırılması kimi qələmə verib və Azərbaycanın qərarını “yanlış” adlandırıb.

AKP-nin bir çox millət vəkili də açıqlamalar verərək, Azərbaycan hökumətinin vahid məktəbli geyimi ilə bağlı qərarını yanlış şərh edib, ölkəmizin daxili işlərinə qarışan, ünvanına təhdidə qədər uzanan fikirlər səsləndiriblər.

AKP millət vəkili Leyla Şahin Usta Avropa Məhkəməsində uduzmasından nəticə çıxarmayıb

Adı çəkilən Leyla Şahin Usta ilə bağlı bir faktı vurğulamaq yerinə düşər. Leyla Şahin tələbə olarkən baş örtüyü məsələsi ilə bağlı Türkiyə hakimiyyətindən Avropa Məhkəməsinə şikayət etmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası 10 noyabr 2005-ci ildə Leyla Şahin Türkiyəyə qarşı işi üzrə qərar qəbul edib (ərizə № 44774/98).

İstanbul Universitetinin tələbəsi Leyla Şahin dini baş örtüyünə görə müəyyən dərslərə və imtahanlara buraxılmamasının Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsi ilə qorunan dini etiqad azadlığını pozduğunu iddia edirdi.

Məhkəmə baş örtüyünü dini etiqadın ifadəsi olduğunu və məhdudiyyətin həmin hüquqa müdaxilə təşkil etdiyini qəbul etdi. Lakin bu müdaxilənin Türkiyənin konstitusion dünyəvilik prinsipi, başqalarının hüquqlarının qorunması, ictimai qayda və demokratik cəmiyyətin tələbləri baxımından əsaslandırıldığını müəyyən etdi.

Qərarın 114-cü paraqrafında Məhkəmə Türkiyədə dünyəviliyin demokratik dəyərlərin, din azadlığının və vətəndaşların bərabərliyinin təminatçısı kimi çıxış etdiyini nəzərə aldı.

Məhkəmənin 110-cu və 122-ci paraqraflarında isə dövlətlərin bu sahədə müəyyən qiymətləndirmə sərbəstliyinə (margin of appreciation) malik olması və konkret müdaxilənin mütənasibliyi məsələsi ön plana çıxır.

Nəticədə Böyük Palata 16 səsə qarşı 1 səslə Konvensiyanın 9-cu maddəsinin pozulmadığı qənaətinə gəldi.

Bu qərardan çıxan prinsip mühümdür: dini etiqad azadlığı fundamental hüquqdur, lakin onun ictimai məkanda ifadə forması müəyyən qanuni şərtlər daxilində məhdudlaşdırıla bilər.

Layla Şahinin bu gün verdiyi açıqlamalardan belə görünür ki, o, İnsan hüquqları haqqında Avropa Konvensiyasını, eləcə də Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını heçə sayır. Uduzduğu iş üzrə bu gün Azərbaycana qarşı iddialar irəli sürür.

Artıq Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 13-də açıqlama yayaraq Türkiyədən gələn bəyanatlara kəskin etirazını bildirib.

YAP-ın açıqlamasında Türkiyənin bəzi media resurslarında Azərbaycan haqqında qərəzli və həqiqətə uyğun olmayan məlumatların yayıldığı vurğulanıb. Partiya indiyədək Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini nəzərə alaraq bu hallara təmkinlə yanaşdığını qeyd edib.

YAP bəyan edib ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi nümayəndələrinin və Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın Azərbaycanla bağlı açıqlamalarında ölkəmizin konstitusion quruluşu, suverenliyini və daxili işlərinə qarışmamaq prinsipi nəzərə alınmır. Azərbaycan haqqında qərəzli məlumatların yayılması və ölkənin daxili siyasətinə kənardan qiymət verilməsi iki dövlət arasındakı münasibətlərin ruhuna uyğun deyil.

“Bir millət, iki dövlət”: ortaq kimlik, fərqli dövlətçilik

YAP-ın açıqlamasında da vurğulandığı kimi, Türkiyənin hakim partiyasının üzvləri sərhədləri keçərək, artıq Azərbaycanın daxili işlərinə qarışan bəyanatlar səsləndirməkdən çəkinmirlər. Çox təəssüf ki, bu kontekstdə onların özlərini Osmanlı imperiyasının davamçıları kimi aparmaları diqqət çəkir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan və Türkiyə haqqında “Bir millət, iki dövlət” deyirdi.

“Bir millət, iki dövlət” deyimi Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi və siyasi əsasını ifadə edir. Ancaq bu prinsipin ikinci hissəsi də birinci hissəsi qədər əhəmiyyətlidir: söhbət iki müstəqil dövlətdən gedir. Ortaq dil, tarix, mədəniyyət və mənəvi bağlar dövlətlərin daxili quruluşunun, hüquqi sisteminin və siyasi qərarlarının eyni olması demək deyil.

Azərbaycan və Türkiyənin tarixi təcrübələri, coğrafi mövqeləri, etnik və dini müxtəlifliyi, regional maraqları və xarici siyasət prioritetləri müəyyən məsələlərə fərqli yanaşmaları təbii edir. Qardaşlıq bu fərqlərin inkarına deyil, qarşılıqlı anlaşma və hörmətlə idarə olunmasına əsaslanmalıdır.

Türkiyənin Osmanlı imperiyasının tarixi varisi kimi öz regional və beynəlxalq maraqlarını geniş şəkildə həyata keçirməsi onun xarici siyasətinin müzakirə olunan xüsusiyyətlərindəndir. Bu aspektdə sual ortaya çıxır: Türkiyənin siyasi dairələri Azərbaycanla bağlı məsələlərdə tərəfdaş dövlətin müstəqil qərarlarına nə dərəcədə hörmət göstərir?

Azərbaycanın müstəqilliyi böyük tarixi mübarizənin, dövlətçilik iradəsinin və ağır itkilərin nəticəsidir. Ölkə öz suverenliyini bərpa etdikdən sonra müstəqil daxili və xarici siyasət həyata keçirir. Bu baxımdan, heç bir dövlətlə dostluq və strateji tərəfdaşlıq Azərbaycanın qərarlarının kənardan diktə olunmasına razılıq kimi başa düşülə bilməz.

Azərbaycan Türkiyə ilə münasibətlərinə sadiq qalmaqla yanaşı, öz hüquqi və siyasi seçimlərini müstəqil müəyyənləşdirmək hüququna malikdir. Eyni prinsip Türkiyəyə də aiddir. “Bir millət, iki dövlət” ideyasının dayanıqlılığı məhz bu qarşılıqlı suverenlik anlayışından asılıdır.

Doğrudur, biz bir millətik, amma hərəmizin öz dövləti var.

Türkiyə Osmanlının varisidir, amma bu o demək deyil ki, bu gün də dostluq və qardaşlığı onun yedəyində olmaq, dediyini etmək kimi alqılasın.

Azərbaycan müstəqil, güclü dövlətdir. Azərbaycan böyük qurbanlar, minlərlə şəhidin qanı bahasına bir imperiyanın əsarətindən ona görə qurtulmayıb ki, digərlərinin təsiri altına düşsün.

Azərbaycan dostluğa da, qardaşlığa da sadiqdir, amma diqtə, təhdid, təzyiq dilini qəbul etmir və buna cəhd edənlərə öz yerini göstərməyi bacarır. Azərbaycan öz müstəqilliyini, ideoloji təhlükəsizliyini qoruyur, bundan sonra da bu istiqamətdə lazımı tədbirləri görməyə davam edəcək. Azərbaycan heç vaxt imperiya, diqtə üslubunu, bu yanaşmanı qəbul etməyib və etməyəcək.

İstər Türkiyənin hakim partiyasının təmsilçiləri, istərsə də ayrı-ayrı şəxslər bunu yaxşı bilməlidilər. Azərbaycana göstəriş vermək niyyətinə düşənlər, onunla təhdid dilində danışmaq istəyənlər hər zaman peşman olub.

AKP-nin Azərbaycanda baş verən vandalizmə münasibəti təəssüf doğurur

Açıq vurğulanmalıdır ki, artıq bir neçə ildir, Türkiyədə Azərbaycan əleyhinə kampaniya davam edir. Bu kampaniyalar arada səngisə də, zaman-zaman yenidən alovlanır, ölkəmizin ünvanına kəskin ittihamlarla müşayiət olunur.

Gah Fələstin, Qəzza, gah da hicab məsələsində Azərbaycanın ünvanına sistemli şəkildə media təxribatlarına, aksiyalara yol verilir. Biz illərdir, davam edən bu kampaniyaların Türkiyə tərəfdən verilən rəsmi açıqlama ilə qarşısının alınacağını gözlədiyimiz vaxtda Azərbaycanda dini radikalların törətdiyi vandalizm aktlarından - məktəb direktorunun maşınının yandırılması, məktəbin yandırılmasına cəhd göstərilməsi, məktəblərin şüşələrin sındırılması, müəllimlərə hücum və s. əməllərdən bir neçə saat sonra Prezidentin baş müşaviri səviyyəsində məyusedici mövqenin şahidi olduq.

İndi necə düşünək? Doğrudanmı, Türkiyə hakimiyyəti tərəfindən sanksiyalaşmış şəkildə Azərbaycana qarşı ideoloji iş aparılır?

Doğrudanmı, təriqətçilik maraqları Türkiyədə yenə də dövlət maraqlarından üstün tutulur? Gerçəkdənmi, FETÖ olaylarından gərəkən dərs çıxarılmayıb?

Əgər belədirsə, o zaman Azərbaycandan öyrənməyə ehtiyac var. Çünki Azərbaycan yaşadıqlarından dərs çıxarmağı bacarır. Bir zamanlar Azərbaycanda da müəyyən təsir dairələri olan nurçuların, FETÖ-çuların yenidən xortlaması mümkün deyil. Bu və digər təriqətçi təxribatlara Azərbaycanda birdəfəlik son qoyulub, bundan sonra da bu siyasət davam etdiriləcək.

Dini və ya ideoloji şəbəkənin təhsil sistemində möhkəmlənməsinin təhlükələri

Dinin dövlətin işinə qarışmasının ən acı təcrübəsini elə Türkiyə özü, hazırda hakimiyyətdə olan AKP yaşayıb. Ancaq görünür ki, Türkiyədə bəziləri o acı keçmişi artıq unudublar.

Eybi yox, unudublarsa, biz yadlarına salarıq. Biz onların yadına salarıq ki, FETÖ Türkiyədə hakimiyyətin dərinliklərinə necə nüfuz eləmişdi, dövlət orqanlarını necə ələ keçirmişdi, AKP hakimiyyətini necə devirmək istəyirdi.

2016-cı ildə baş vermiş çevriliş cəhdi ölkədə ciddi siyasi və təhlükəsizlik böhranına səbəb olmuşdu. Bu təcrübə dini cərəyanların və təriqətlərin təhsil sistemində, dövlət idarəçiliyində və ictimai həyatda təsir imkanları əldə etməsinin hansı nəticələrə gətirib çıxara biləcəyini göstərən mühüm nümunədir. Təhsil müəssisələri yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, eyni zamanda gələcək nəsillərin dünyagörüşünün formalaşdığı mühüm ictimai institutdur. Buna görə də hər hansı dini və ya ideoloji şəbəkənin təhsil sistemində möhkəmlənərək uşaqlara, gənclərə və gələcək dövlət qulluqçularına təsir imkanları qazanması məsələsinə xüsusi həssaslıqla yanaşılmalıdır. Türkiyənin yaşadığı təcrübə göstərdi ki, belə şəbəkələrin təsiri qanuni və institusional nəzarətdən kənara çıxdıqda, problem təkcə dini fəaliyyət çərçivəsində qalmır, dövlətin idarəçilik sisteminə və milli təhlükəsizliyinə də təsir göstərə bilir.

Dini cərəyanların fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş çərçivədə olması, onların təhsil və dövlət institutlarına qanunsuz təsir imkanları əldə etməməsi hər bir dövlət üçün əhəmiyyətlidir. Belə yanaşma həm dövlətin institusional müstəqilliyini möhkəmləndirər, həm də dini etiqad azadlığının qanuni sərhədlər daxilində təmin olunmasına imkan verər. Türkiyənin keçdiyi sınaqlardan çıxarılan əsas dərs də budur: heç bir dini və ya ideoloji şəbəkənin maraqları dövlətin qanunlarından və cəmiyyətin təhlükəsizliyindən üstün tutulmamalıdır.

Bunları yaşamış Türkiyədə bu gün Azərbaycanın yanında olmaq əvəzinə, ölkəmiz əleyhinə kampaniya aparanların olması, özü də bunu Prezidentin baş müşaviri və hakim partiya səviyyəsində etməsi dərin təəssüf doğurur.

Belə addımlar nə müttəfiqliyə, nə dostluğa, nə qardaşlığa sığır!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR