Bank Of Baku

Blokadadan regional qovşağa: Naxçıvanın yeni inkişaf yolunda - TƏHLİL

Blokadadan regional qovşağa: Naxçıvanın yeni inkişaf yolunda - TƏHLİL
# 12 avqust 2026 18:02 (UTC +04:00)

Naxçıvanın inkişafında başlanan yeni mərhələ muxtar respublikanın uzun illər üzləşdiyi coğrafi məhdudiyyətlərin iqtisadi üstünlüyə çevrilməsinə əsaslanır. Sənaye, enerji, nəqliyyat və logistika layihələrinin vahid konsepsiyada birləşdirilməsi Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə bağlamaqla kifayətlənməyəcək, onu regional ticarət və kommunikasiya sisteminin mühüm halqalarından birinə çevirəcək.

Formalaşdırılan modelin əsas xüsusiyyəti təhlükəsizliklə iqtisadi tərəqqinin paralel şəkildə təmin edilməsidir. Müdafiə imkanlarının gücləndirilməsi sabit inkişaf mühiti yaradır, yeni enerji gücləri sənayeləşmə və ixrac üçün baza formalaşdırır, nəqliyyat xətlərinin qurulması isə muxtar respublikanın xarici bazarlara çıxışını genişləndirir. Sosial infrastrukturun yenilənməsi, məşğulluğun artırılması və müasir idarəetmənin tətbiqi bu strategiyanın birbaşa insan amilinə yönəldiyini göstərir.

Beləliklə, Naxçıvan dövlət büdcəsinin dəstəyi ilə yerli ehtiyaclarını qarşılayan bölgədən istehsal, sərmayə, ixrac və tranzit hesabına əlavə iqtisadi dəyər yaradan mərkəzə çevrilir. Qarabağ və Şərqi Zəngəzurla ortaq inkişaf çərçivəsinin müəyyənləşdirilməsi isə Azərbaycanın qərb coğrafiyasında bir-birini tamamlayan vahid iqtisadi məkanın formalaşdırılmasına xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə indiyədək görülmüş işlərin qarşıdakı genişmiqyaslı dəyişikliklər üçün möhkəm zəmin yaratdığını bildirib: “Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”.

Tarixi siyasi xətt müasir inkişaf konsepsiyası ilə tamamlanır

Naxçıvanın qorunması və Azərbaycan dövlətçiliyində xüsusi mövqeyinin təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin başlıca istiqamətlərindən biri olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikanın üzləşdiyi mürəkkəb şəraitdə qəbul edilmiş qərarlar Naxçıvanı xarici təhdidlərdən qoruyub, burada ictimai-siyasi sabitliyin əsaslarını formalaşdırıb.

Prezident İlham Əliyevin yürütdüyü siyasət həmin tarixi kursu yeni məzmunla zənginləşdirir. Əgər əvvəlki mərhələdə əsas məqsəd blokada şəraitində Naxçıvanın dayanıqlılığını qorumaq idisə, indi qarşıya qoyulan vəzifə onu geniş regional əlaqələrin fəal iştirakçısına çevirməkdir.

Prezident Naxçıvanın tarixi irsi, insan potensialı və coğrafi mövqeyinin onun ümummilli əhəmiyyətini artırdığını vurğulayıb: “Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir”.

Təhlükəsizlik iqtisadi fəallığın əsas təminatıdır

Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrı düşməsi onun müdafiəsinin xüsusi yanaşma əsasında təşkilini zəruri edib. Prezident İlham Əliyevin sərəncamı ilə Əlahiddə Ümumqoşun Ordunun yaradılması, hərbi hissələrin ən müasir texnika ilə təchiz edilməsi və yeni komando bölmələrinin formalaşdırılması muxtar respublikanın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib.

Bu tədbirlər yalnız hərbi çəkindirmə vasitəsi deyil. Təhlükəsiz mühit sənaye obyektlərinin qurulması, xarici investisiyaların cəlbi və uzunmüddətli iqtisadi layihələrin icrası üçün əsas şərtdir. Sabitlik olmadan nə logistika imkanlarının genişləndirilməsi, nə də turizm və sahibkarlığın davamlı inkişafı mümkündür.

Dövlət başçısı Naxçıvanın müdafiəsinin daim diqqət mərkəzində saxlanılacağını bəyan edib: “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.

Sənaye Parkı yeni iqtisadi fəallıq yaradacaq

Muxtar respublikanın qarşısında duran əsas məsələlərdən biri dövlət xərclərindən asılılığın azaldılması və özəl sektorun iqtisadiyyatdakı payının yüksəldilməsidir. Naxçıvan Sənaye Parkının yaradılması bu baxımdan dönüş nöqtəsi sayıla bilər. Ərazisinə görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci olacaq yeni istehsal məkanı müxtəlif profilli müəssisələrin fəaliyyətini təşviq edəcək.

Parkda ortaq infrastrukturun yaradılması sahibkarların ilkin xərclərini azalda, məhsul istehsalını və ixracını genişləndirə bilər. Layihə həm də işsizliyin aradan qaldırılması üçün real iqtisadi baza formalaşdıracaq. Yeni müəssisələrin fəaliyyətə başlaması mühəndis, texnik, energetik, logistika mütəxəssisi və müxtəlif peşə sahiblərinə tələbatı artıracaq.

Prezident sənayeləşmənin Naxçıvanda məşğulluğun genişləndirilməsinə ciddi təkan verəcəyini söyləyib: “Xüsusilə qeyd etdiyim kimi, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur”.

Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana ayrıca yer ayrılması da iqtisadi şaxələndirməyə xidmət edir. Artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və istifadəsiz torpaqların əkin dövriyyəsinə cəlb edilməsi kənd təsərrüfatında məhsuldarlığı artıracaq. Aqrar istehsalın emal sənayesi ilə əlaqələndirilməsi isə kənd yerlərində daimi gəlir mənbələri yaradacaq.

Naxçıvan enerji ixracatçısına çevrilir

Muxtar respublikada qazlaşdırmanın 100 faizə çatdırılması, İranla mübadilə mexanizminin və İğdır–Naxçıvan qaz kəmərinin mövcudluğu enerji təchizatının alternativliyini təmin edir. İndi əsas hədəf daxili tələbatın ödənilməsindən elektrik enerjisinin böyük həcmdə ixracına keçməkdir.

Naxçıvan Sənaye Parkının tərkibində tikiləcək 300 meqavatlıq istilik elektrik stansiyası mövcud generasiya imkanlarını kəskin artıracaq. Bununla yanaşı, iki 50 meqavatlıq Günəş elektrik stansiyası, Ordubad rayonunun Tivi kəndində su elektrik stansiyası və planlaşdırılan enerji saxlanc qurğusu yeni sistemin əsas elementləridir.

Prezident yeni istilik elektrik stansiyasının həm etibarlı təchizata, həm də xarici bazarlara çıxışa xidmət edəcəyini açıqlayıb: “Bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir”.

Aparılan qiymətləndirmələr Naxçıvanın Azərbaycanda günəş enerjisinin istehsalı üçün ən əlverişli ərazi olduğunu göstərir. Bu üstünlükdən istifadə etməklə muxtar respublikada 500, perspektivdə isə 1000 meqavatlıq günəş enerjisi gücü yaratmaq mümkündür. İstehsalın artması Türkiyə, İran və gələcəkdə Avropa istiqamətində ixrac üçün yeni imkanlar açacaq.

Zəngəzur dəhlizi siyasi ideyadan real layihəyə keçir

Naxçıvanın yeni iqtisadi modelinin əsasını onun Azərbaycanın digər əraziləri ilə birbaşa əlaqəsinin yaradılması təşkil edir. Zəngəzur dəhlizi bu baxımdan yalnız nəqliyyat marşrutu deyil, muxtar respublikanın uzunmüddətli inkişafını müəyyən edən strateji layihədir.

2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşma prosesin yeni mərhələyə keçməsinə şərait yaradıb. TRIPP adlandırılan layihənin icrası Naxçıvanın nəqliyyat təcridinə son qoymaqla yanaşı, regionda yeni iqtisadi bağlılıq formalaşdıracaq.

Dövlət başçısı Vaşinqton Zirvə Görüşünün dəhlizin reallaşdırılması baxımından tarixi nəticə yaratdığını xatırladıb: “Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir”.

Azərbaycan Horadiz–Ağbənd avtomobil yolunun tikintisini əsasən yekunlaşdırıb, dəmir yolu xətti üzrə işləri isə davam etdirir. Naxçıvan daxilində 194 kilometrlik dəmir yolunun yeni texniki tələblərə uyğun qurulması planlaşdırılır. Mövcud xəttin 1,5 milyon tonluq imkanının 15 milyon tona çatdırılması muxtar respublikanın tranzit çəkisini əhəmiyyətli dərəcədə artıracaq.

Avrasiyanın nəqliyyat və enerji qovşağı

Zəngəzur dəhlizi Naxçıvanı həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarına bağlaya bilər. Culfa vasitəsilə İran dəmir yollarına çıxış Körfəz istiqamətində yeni bağlantı yaradır. Türkiyə üzərindən Avropaya açılan xətt isə Mərkəzi Asiya ilə Avropa arasındakı daşımalar üçün alternativ yol formalaşdırır.

Prezident Naxçıvanın böyük həcmdə yük qəbul etməsinin bölgədə yeni iqtisadi mühit yaradacağını diqqətə çatdırıb: “Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür”.

Dəhliz boyunca yalnız avtomobil və dəmir yollarının deyil, fiber-optik kabelin, elektrik xətlərinin, gələcəkdə isə neft və qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulur. Beləliklə, layihə yük, enerji və informasiya axınlarını birləşdirən çoxtəyinatlı kommunikasiya xəttinə çevriləcək.

Vahid inkişaf məkanı və müasir idarəetmə

Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla eyni konsepsiya əsasında inkişaf etdirilməsi üç bölgə arasında şəhərsalma, enerji, nəqliyyat və idarəetmə standartlarının uyğunlaşdırılması deməkdir. Naxçıvan şəhərinin Baş planının hazırlanması, elektrik avtobuslarının istifadəyə verilməsi, 217 rayonlararası avtobusun alınması və 420 kilometr yolun yenilənməsi bu yanaşmanın praktik nəticələridir.

Prezident üç bölgənin ortaq inkişaf fəlsəfəsi əsasında qurulmasının tarixi və coğrafi məntiqə söykəndiyini ifadə edib: “Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq”.

Prezidentin xüsusi nümayəndəliyi modelinin Naxçıvanda tətbiqi qərarların çevikliyini və dövlət proqramlarının icrasına nəzarəti artıracaq. Sosial infrastrukturun yenilənməsi, turizm imkanlarının genişləndirilməsi, Möminə xatun türbəsi başda olmaqla tarixi abidələrin qorunması isə iqtisadi tərəqqi ilə milli-mədəni dəyərlər arasında tarazlıq yaradacaq.

Beləliklə, Naxçıvanın inkişaf strategiyası təhlükəsizlik, sənaye, enerji, logistika, sosial rifah və mədəni irsi bir sistemdə birləşdirir. Layihələrin tam icrası muxtar respublikanı blokada şəraitində yaşayan coğrafiyadan Azərbaycanı regional və qlobal bazarlarla birləşdirən mühüm iqtisadi mərkəzə çevirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR