BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası kimin kim olduğunu bir daha göstərdi. Ən maraqlı məqam ondan ibarət idi ki, Təhlükəsizlik Şurasının iclasında 15 ölkənin nümayəndələrinin çıxışı bir daha sübut etdi ki, dünya koalisiyalardan ibarətdir və ABŞ, Fransa, Rusiya, Çin planetin bir çox ölkəsinə təsirə malikdir. Misal üçün, dünənki çıxışlara diqqət yetirsək, Rusiya və Fransanın arqumentləri bəzi digər dövlətlər tərəfindən səsləndirildi.
Ermənistan üçün gözlənilməz Braziliya və Albaniyanın Azərbaycanı dəstəkləməsi oldu. Tirananın Kosova məsələsinə görə Bakı və İrəvan arasında bitərəf qalacağını düşünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakının "Balkanlarla siyasi - iqtisadi strateji müttəfiqliyi"ni nəzərə almamışdı. Həm Braziliyanın, həm Albaniyanın Xankəndi, Azərbaycanın ərazi bütövlüyü ifadələrini işlətməsi sözsüz ki təqdirəlayiq idi.
Çıxışlarda Bakı və İrəvan tərəfindən sözsüz ki TŞ daimi üzvlərinin mövqeyi daha diqqətlə izlənilirdi. Onlar içərisində ən neytral mövqe Çin tərəfindən səsləndirildi, Britaniya da qismən orta mövqe tutdu. Fransa haqqında nəsə deməyə ehtiyac yoxdur. Parisin BMT- dəki nümayəndəsinin başlanğıcda diplomatik etikadan kənara çıxması, çıxışı zamanı toxunduğu məsələlər, əlbəttə ki, ermənipərəst idi. Yaxşı haldır ki, Fransa və Maltadan başqa Ermənistanın mövqeyini tam dəstəkləyən üçüncü belə çıxış olmadı.
Danışıqları hazırda həyata keçirən ABŞ və Rusiyanın nümayəndələrinin çıxışına gəlincə. rus diplomat Türkiyə, Albaniya və Braziliya nümayəndələri ilə eyni siyahıda yer alaraq Ermənistanı faktiki olaraq neytrallaşdırdı. Onun Qarabağda ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoqda Azərbaycanın qanunvericiliyinə uyğun aparılmalıdır ifadəsi bəyəniləndir. Qeyd edim ki, dünənki çıxışlarda kimin insan hüquqları, kimin isə ərazi bütövlüyü prinsipinə vurğu edəcəyi maraqla gözlənilirdi. Braziliya, Albaniya, Rusiya və Türkiyə nümayəndələrinin məhz ərazi bütövlüyü çərçivəsində insan hüquqlarından danışmalarını təqdirəlayiq hal kimi qiymətləndirmək olar.
O ki qaldı ABŞ nümayəndəsinin çıxışına, gözlənildiyi kimi, çıxışın mətni Laçın yolunun açılması, amma eyni zamanda alternativ yollarla bağlı da kompromisin üzərində qurulmuşdu. Ərazi bütövlüyü, suverenlik kimi çox vacib prinsiplərə toxunulmadı.
Beləliklə, BMT TŞ-də Ermənistan və Fransanın xəyalları puça çıxdı. Separatçılar çox ciddi zərbə aldılar. Yəqin ki yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ilə son təkliflərin müzakirəsi baş tutacaq. Ağdam-Xankəndi yolunun Laçın yolu ilə eyni vaxtda açılması və Yevlaxda görüşün baş tutmasına şahidlik edə biləcəyik. Əks təqdirdə, separatçılar yaxşı bilir ki, Azərbaycan ordusu lazım gələn addımı atacaq.
Sonda Ararat Mirzoyan və Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışlarının müqayisəsini apararaq, Ermənistan XİN rəhbərinin uğursuzluğunu xüsusilə vurğulamaq yerinə düşər. Dünən Azərbaycan Prezidenti bir daha Ermənistan və ermənipərəst qüvvələr üzərində qələbə çaldı.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov