Bank Of Baku

Ekspert: Əbədi dostluq haqqında Müqavilə Azərbaycan-Özbəkistan müttəfiqliyini daha da möhkəmləndirir

Roza Bayramlı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, Mərkəzi Asiya regionu, nəqliyyat-logistika məsələləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üzrə ekspert

© APA | Roza Bayramlı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, Mərkəzi Asiya regionu, nəqliyyat-logistika məsələləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üzrə ekspert

# 23 avqust 2026 19:25 (UTC +04:00)

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” iki ölkə arasında son illərdə formalaşmış yüksək siyasi etimadın və müttəfiqlik münasibətlərinin məntiqi davamıdır.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, Mərkəzi Asiya regionu, nəqliyyat-logistika məsələləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üzrə ekspert Roza Bayramlı bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətləri qısa müddət ərzində strateji tərəfdaşlıqdan müttəfiqliyə qədər inkişaf edib.

Onun sözlərinə görə, 2024-cü ildə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması, 2025-2029-cu illər üçün onun icrası üzrə Yol Xəritəsinin qəbul edilməsi və Ali Dövlətlərarası Şuranın fəaliyyəti münasibətlərin artıq möhkəm institusional bazaya malik olduğunu göstərirdi.

“Yeni müqavilə mövcud müttəfiqliyə daha uzunmüddətli və hərtərəfli məzmun əlavə edir. Sənəddə suverenlik, təhlükəsizlik və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərə yol verilməməsi, ərazilərin üçüncü dövlətlər tərəfindən digər tərəfə qarşı istifadə edilməməsi kimi müddəaların təsbit olunması iki ölkə arasında qarşılıqlı etimadın artıq təhlükəsizlik sahəsini də əhatə edən yüksək səviyyəsini nümayiş etdirir. Eyni zamanda, hər bir dövlətin öz milli reallıqlarına uyğun inkişaf modelini seçməsinə qarşılıqlı dəstəyin ifadə olunması onların suveren və müstəqil xarici siyasət kursuna verdikləri önəmi göstərir”, - Roza Bayramlı vurğulayıb.

Ekspert bildirib ki, müqavilənin digər mühüm cəhəti siyasi münasibətlərlə yanaşı, müxtəlif istiqamətlərdə əməkdaşlığı da əhatə etməsidir. Ticarət və investisiyalar, enerji və “yaşıl iqtisadiyyat”, nəqliyyat-logistika, rəqəmsallaşma, kənd təsərrüfatı, kosmik texnologiyalar, təhsil və mədəniyyət kimi sahələrin sənəddə əks olunması müttəfiqliyin konkret iqtisadi və ictimai əsaslarla möhkəmləndirilməsini göstərir.

“Son günlər açıqlanan konkret təşəbbüslər də bu prosesin artıq praktik müstəviyə keçdiyini nümayiş etdirir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ümumi dəyəri 500 milyon dollar olan səkkiz layihəni təsdiqləyib, daha yeddi layihə isə təxminən eyni həcmdə nəzərdən keçirilir. Eyni zamanda, SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olması və yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması istiqamətində əməkdaşlıq, eləcə də ABB-nin Özbəkistan bank sektoruna çıxışı iki ölkə arasında iqtisadi əlaqələrin artıq birgə investisiyalardan birbaşa korporativ iştirak və maliyyə inteqrasiyasına doğru genişləndiyini göstərir”, - ekspert əlavə edib.

Roza Bayramlı yeni müqavilənin əhəmiyyətinin daha geniş regional kontekstdə də qiymətləndirilməli olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Özbəkistan yaxınlaşması yalnız ikitərəfli münasibətləri deyil, Azərbaycanla Mərkəzi Asiya arasında formalaşan vahid siyasi və geoiqtisadi məkanı da gücləndirir:

“Orta Dəhliz, enerji bağlantıları, Türk Dövlətləri Təşkilatı və C6 formatı fonunda Bakı-Daşkənd münasibətlərinin dərinləşməsi Xəzərin iki sahili arasında əməkdaşlığın əsas dayaqlarından birinə çevrilir. Bu baxımdan, yeni müqavilə həm də Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək nəsillər üçün davamlılığını təmin etməyə yönəlmiş strateji sənəd kimi qiymətləndirilə bilər”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR