MDB - iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır.
Təşkilat 8 dekabr 1991-ci ildə Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilib.
Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır.
24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilib.
Sergey Lebedev 5 oktyabr 2007-ci ildən etibarən MDB İcraiyyə Komitəsinin baş katibi vəzifəsini tutur. 10 oktyabr 2025-ci ildə Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında növbəti 3 il üçün yenidən baş katib təyin edilib.
Azərbaycan Respublikasının MDB-nin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevdir.
MDB-nin məqsədləri Nizamnamə ilə müəyyən edilib.
Bu məqsədlər siyasi, iqtisadi, ekoloji, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi, ümumi iqtisadi məkan çərçivəsində üzv dövlətlərin hərtərəfli və balanslaşdırılmış iqtisadi və sosial inkişafı, dövlətlərarası kooperasiya və inteqrasiya, beynəlxalq hüquq və ATƏT-in ümumi qəbul olunmuş prinsip və normalarına uyğun olaraq əsas insan hüquq və azadlıqlarının təmin olunması, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında üzv dövlətlər arasında əməkdaşlıq, silahların və hərbi xərclərin azaldılması, nüvə silahının və digər kütləvi qırğın silahlarının ləğv olunması, hərtərəfli və tam silahsızlaşma üzrə effektiv tədbirlərin görülməsi, birlik çərçivəsində azad ünsiyyət, təmaslar və hərəkət üçün üzv dövlətlərin vətəndaşlarına köməklik göstərilməsi, qarşılıqlı hüquqi yardım və hüquqi məsələlərlə bağlı digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi, birlik dövlətləri arasında mübahisə və münaqişələrin sülh yolu ilə həll edilməsindən ibarətdir.
MDB-nin nizamnamə orqanları fəaliyyət göstərir. Bunlar Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Sərhəd Qoşunları Komandanları Şurası, Parlamentlərarası Assambleya, İqtisad Məhkəməsidir (Azərbaycan üzvü deyil).
Ümumilikdə MDB çərçivəsində 84 orqan təsis edilib. Onlardan 66-sı sahəvi əməkdaşlıq orqanıdır.
MDB-nin ali orqanı olan MDB Dövlət Başçıları Şurasının iclası adətən ildə bir dəfə təşkil olunur. MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Birliyə aid olan müxtəlif məsələlər, siyasi, iqtisadi, mədəniyyət, humanitar, hüquq-mühafizə və s. sahələrdə əməkdaşlıq, həmçinin iştirakçı dövlətlərin təşəbbüsü ilə müzakirəyə çıxarılmış digər məsələlər iştirakçı dövlətlərin maraqlarına zərər vurmadan müzakirə olunur.
Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını və konseptual mövqeyini rəhbər tutur.
Qeyd edək ki, Azərbaycan torpaqlarını işğaldan edəndən və suverenliyini tam bərpa edəndən sonra Ermənistana yük tranziti ilə bağlı əvvəllər mövcud olmuş məhdudiyyətləri aradan qaldırıb. Hazırda iki ölkə arasında iqtisadi əlaqələr və ticarət prosesində ilkin addımlar atılmaqdadır. Azərbaycan ərazisindən Ermənistana Azərbaycan mənşəli mallarla yanaşı, həm də üçüncü ölkələrin tranzit yükləri daşınır.
Azərbaycan hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.
Azərbaycanın MDB üzrə konseptual mövqeyi MDB çərçivəsində qəbul edilmiş bir çox sənədlərə dair ölkəmiz tərəfindən verilmiş xüsusi rəylərdə, qeyd-şərtlərdə öz əksini tapıb;
Ölkəmiz MDB Dövlət Başçıları Şurasının iclaslarında aktiv iştirak edib.
Son altı ildə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının bütün iclaslara qatılıb.
18 dekabr 2020-ci ildə MDB Dövlət Başçıları Şurasının videokonfrans rejimində iclası keçirilib. İclasda Prezident İlham Əliyev iştirak edib.
15 oktyabr 2021-ci ildə MDB Dövlət Başçıları Şurasının videokonfrans rejimində növbəti iclası keçirilib. İclasda Prezident İlham Əliyev iştirak edib.
14 oktyabr 2022-ci ildə Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib, Prezident İlham Əliyev iclasda iştirak edib.
Prezident İlham Əliyev 13 oktyabr 2023-cü ildə Qırğız Respublikasının Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclasına da qatılıb.
MDB Dövlət Başçıları Şurasının növbəti iclası 8 oktyabr 2024-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində baş tutub. İclasda Prezident İlham Əliyev də iştirak edib.
2025-ci ildə MDB Dövlət Başçıları Şurasının növbəti iclası 10 oktyabrda Tacikistanın Düşənbə şəhərində keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib.