Bank Of Baku

Politoloq: Prezident İlham Əliyevin Özbəkistana səfəri müttəfiqlik münasibətlərində yeni mərhələ açır

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov

© APA | Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov

# 23 avqust 2026 19:56 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu APA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin səfəri ərəfəsində Daşkənddə Azərbaycan bayraqlarının asılması, Azərbaycan və Özbəkistan prezidentlərinin portretlərinin nümayiş etdirilməsi, həmçinin xüsusi dron şousunun təşkili Azərbaycana göstərilən xüsusi diqqətin təzahürüdür.

“Dövlət liderlərinin xarici səfərləri zamanı bu cür təmtəraqlı qarşılanma mərasimlərinə nadir hallarda rast gəlinir. Prezident İlham Əliyevin səfərindən bir gün əvvəl Daşkənddə Azərbaycan bayraqlarının asılması, dövlət başçılarının portretlərinin nümayiş etdirilməsi və dron şousunun keçirilməsi Azərbaycan Prezidentinə və dövlətimizə göstərilən xüsusi münasibətin göstəricisidir. Bu, xüsusilə qiymətləndirilməlidir”, - o bildirib.

Zaur Məmmədov vurğulayıb ki, hazırda Avrasiyada ciddi geosiyasi dəyişikliklər baş verir və 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Türk dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri əhəmiyyətli dərəcədə inkişaf edib.

“Azərbaycanın Türk dünyasındakı yeri və çəkisi ciddi şəkildə artıb. Bu gün bunun nəticələrini müxtəlif regional layihələrdə və proseslərdə görürük. Azərbaycan Türk dünyasında mühüm siyasi və geoiqtisadi çəkiyə malik dövlətlərdən biridir”, - politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətləri artıq strateji tərəfdaşlıq mərhələsini keçərək müttəfiqlik səviyyəsinə yüksəlib:

“Bu, olduqca vacib məqamdır. Azərbaycan və Özbəkistan müttəfiq dövlətlər kimi sistemli şəkildə bütün sahələrdə münasibətlərin inkişafını davam etdirirlər. Birgə investisiyalar, iqtisadiyyatın müxtəlif sahələrində və kənd təsərrüfatında əlaqələrin gücləndirilməsi ilə yanaşı, siyasi, hərbi və təhlükəsizlik istiqamətlərində də əməkdaşlıqda yeni səhifə açılır. Bu əməkdaşlıq hər iki ölkənin suverenliyinin və müstəqilliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Politoloq bildirib ki, Azərbaycan və Özbəkistan müasir beynəlxalq münasibətlər sistemində Cənubi Qafqaz və Mərkəzi Asiyanın mühüm dövlətləri kimi bir sıra strateji layihələrin həyata keçirilməsində əsas rol oynayırlar.

“Bir çox regional layihələrin Azərbaycan və Özbəkistanın iştirakı olmadan reallaşdırılması mümkün deyil. Eyni zamanda, tərəflərin milli maraqlarına qarşı yönələn təhdidlərə münasibətdə də qarşılıqlı dəstək və koordinasiya getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan mövcud və potensial təhdidlərə qarşı əməkdaşlığı davam etdirəcəklər”, - Zaur Məmmədov vurğulayıb.

O əlavə edib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin nəticələri və imzalanan sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar yaradacaq:

“Bugünkü səfərin nəticələri iki ölkə arasında müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından yeni mərhələnin əsasını qoyacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR