Səlibçilər Azərbaycana niyə qəzəblidir? - TARİXİN TƏKƏRİNİ DÖNDƏRƏN HADİSƏ

Səlibçilər Azərbaycana niyə qəzəblidir? - TARİXİN TƏKƏRİNİ DÖNDƏRƏN HADİSƏ
# 20 noyabr 2023 15:21 (UTC +04:00)

APA Şamil Paşayevin “Səlibçilər Azərbaycana niyə qəzəblidir?” yazısını təqdim edir.

1071-ci ildə Malazgird savaşının nəticəsində Bizans Anadolunu Səlcuqlular dövlətinə təhvil verməli oldu. Bundan əvvəl, 1054-cü ildə artıq Böyük Skizma, yəni xristianların katolik və pravoslavlara ayrılması baş vermişdi. Amma müsəlman türklərin pravoslav Bizans üzərindəki qələbəsi həmin vaxtda Bizansa düşmən olan Roma Papasını və Qərbi qəzəbləndirmişdi. Bu hadisələrin davamı 1096-cı ildəki səlib yürüşləri ilə nəticələndi.

Səlib yürüşləri 1272-ci ildə dayandı. Bu yürüşlərin baş verməsindən uzun illər, əsrlər keçdi, amma səlib yürüşləri yenə də fərqli üsullarla davam etdi. Səlibçilərin yürüşlərini bu dəfə sanksiyalar əvəz etdi. Tampliyerlər, Tevton ordeni, Hospitaller ordenini isə UNESCO, ATƏT, Konqres, USAİD əvəz etdi.

İstənilən ideologiya, hüquq, prinsip “missionerlər klubu”nu ana məqsədindən vaz keçirə bilmədi. XX əsrin əvvəlində kommunizm, bolşevizm kimi mahiyyətində millət, din olmayan bir ideologiya bölgədə hakim olanda da “xristian missionerli”yi öz işini gördü. Ermənilərə bizim torpaqlarımızda dövlət yaratmağa, Göyçə, Zəngəzur, İrəvan bölgəsinin Ermənistana güzəştə gedilməsinə nail oldular.

XXI əsrin əvvəlində isə əhalisinin böyük çoxluğu müsəlmanlardan ibarət Azərbaycan səlibçilərin “ən ərköyün balası” olan Ermənistan üzərində qələbə qazandı. Azərbaycanın tolerant, multikultural, sekulyar, multietnik olması, Ermənistanın daha mühafizəkarlığı, monoetnikliyi və faktiki işğalçılıq etməsi heç kimin vecinə olmadı.

Bunu açıq mətnlə qeyd etmək lazımdır ki, müsəlman Azərbaycanın xristian klubunun üzvü olan Ermənistanı məğlub etməsi, öz haqqını geri alması və ədaləti bərpa etməsi səlibçiləri qəzəbləndirdi. Bu qəzəb o səviyyədədir ki, onlar ermənidən daha artıq erməni olmaqla, Ermənistanın və ermənilərin barışdığı məğlubiyyətlə barışmaq istəmirlər.

Məhz bu kontekstdən yanaşanda, Azərbaycan səlibçilərin təxminən iki əsrə yaxındır ki, yaratdıqları məğlubedilməz “missionerlər klubu”nun bir üzvünü məğlub edib, yaradılmış əfsanəvi obrazı dağıdıb.

Azərbaycan göstərib ki, ədaləti bərpa etmək üçün səlibçilərin səxavətini və mərhəmətini gözləmək lazım deyil. Bax, hazırda səlibçiləri qəzəbləndirən kilid nöqtə budur, bunu Azərbaycana və onun Liderinə bağışlaya bilmirlər.

Məğlubedilməz obrazları dağıdılıb, bir millət və dövlət torpağının və suverenliyinin taleyi ilə bağlı özü qərar verib, ona qarşı olan ədalətsizliyi bərpa edib və bu dövlət “missionerlər klubu”nun üzvü deyil.

Səlibçilərin şahid olduğumuz ikili yanaşmalarına bir neçə misal

II Dünya müharibəsindən sonrakı dünyada beynəlxalq hüququn əsas prinsipi “ərazi bütövlüyünün toxunulmazlığı”dır. ABŞ isə özünü bu prinsipin əsas müdafiəçisi hesab edir. Təhlil edəndə görürük ki, ABŞ dünyada olan əksər müharibələrdə ərazi bütövlüyü prinsipinin yerinə yetirilməsini müdafiə edir. Ancaq tərəf Azərbaycan olanda ABŞ-n yadına “missionerlər klubu”nun üzvü olması düşür və beynəlxalq hüququn prinsipini “unudur”.

Məsələn, regiondakı Osetiya, Abxaziya, Dnesteryanı, Ukrayna kimi münaqişələrdə separatizmlə məşğul olan, ərazi bütövlüyünü pozanlara qarşı Qərb amansız oldu. Maksimum sanksiyalar tətbiq edildi. Ermənistan-Azərbaycan münaqişəsində isə daha çox separatçılara dəstək verildi. Çox bariz nümunə, ABŞ-ın bu gün də təzyiq vasitəsi kimi istifadə etdiyi “907-ci düzəliş”dir.

1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş bu absurd “907-ci düzəliş”in mənası Azərbaycan tərəfindən ““Dağlıq Qarabağ” və Ermənistana qarşı blokada və güc tətbiqi aradan qaldırılanadək Azərbaycana yardımların qadağan edilməsi” idi. Bu hadisənin üstündən 31 il keçib, bütün beynəlxalq aləm, o cümlədən ABŞ da bu müddət ərzində Azərbaycanın Ermənistana deyil, Ermənistanın Azərbaycana güc tətbiq etdiyini, ərazisini işğal etdiyini qəbul edib. Azərbaycan 29 il Qərbin, Qərb institutlarının yalançı “danışıq” oyunlarına dözüb, daha sonra özü ədaləti bərpa edib, münaqişə bitib, amma ABŞ yenə də “907-ci düzəliş” adlı təzyiq vasitəsini gündəmdən çıxartmır, əksinə yenidən bu “Damokl qılıncı”na əl atır.


Səlibçilərin “ədaləti”nə aid ikinci misal. Biz Ukrayna-Rusiya müharibəsində Qərbin, konkret olaraq ABŞ-ın və onun liderlərinin canfəşanlığını hər gün mediadan izləyə bilirdik. Bu müharibədə səlibçilər dünyanın ikinci ən güclü ordusu və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiya ilə üz-üzə gəlməyi gözə aldılar. Amma Azərbaycan və Türkiyəyə təzyiq aləti olmaqdan başqa heç bir xüsusi strateji əhəmiyyəti olmayan Ermənistana qarşı heç zaman buna bənzər addım atmadılar.

Daha bir misal. Yuqoslaviya parçalananda Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Herseqovina kimi dövlətlər yarandı. Amma soyqırımı “missioner klubun”dakıların dindaşı olmayan boşnaklara qarşı baş verdi. XX əsrdə bütün dünyanın gözü qarşısında Xocalı soyqırımının ardınca “Srebrenitsa” faciəsi yaşandı.

Tarixi mənbələrə görə, Qüdsün 88 illik xaçlı işğalından sonra Səlahəddin Əyyubi Qüdsü ona təslim edən xristian kralla şərtləri danışarkən qadın, uşaq və mülki əhaliyə toxunmayacaqlarını, xristian ölkələrinə rahat keçidə şərait yaradacağını bildirmişdi. Xristian kral isə “Axı biz buralara gələndə sizinkiləri qarət etdik, öldürdük, siz necə bizi belə rahat yola sala bilirsiniz?” deyib sual etmişdi.

Tarix yenə səlibçilərə dərs verdi, 1992-93-cü illərdə Qarabağın işğalı zamanı uşaq, qadın, qoca bilmədən müsəlman azərbaycanlılar qətliama uğradıldı. İşğaldan sonrakı faktlar göstərdi ki, hətta məzarlar qazılaraq, meyitlər belə çıxarılıb, qarət olunub. Evlər, abidələr, azərbaycanlıları, tarixi, türklüyü və müsəlmanlığı xatırladan hər şey məhv edilib. Amma Azərbaycan istər müharibə, istərsə də bu il keçirdiyi birgünlük antiterror tədbirləri zamanı bir mülki vətəndaşa, bir mülki obyektə zərər dəyməsinə imkan vermədi. Səlibçilərin böyük həvəslə gözlədikləri “Srebrenistsa” ssenarisi baş vermədi. Qarabağdan getmək istəyən ermənilər rahat şəkildə, könüllü, deyə-gülə, bütün şəxsi əşyalarını, hətta zamanında yerləşdikləri, mülkiyyət hüququ onlara məxsus olmayan azərbaycanlı evlərinin daşını, divarını belə sökərək aparıb getdilər. Faktlar var, kadrlar var, səlibçilər daha bunu dana bilmir.

“Erməni diasporu” əfsanəsi

Dünyanın real, ağlı başında olan cəmiyyətləri artıq bu “erməni diasporu” yalanını da ifşa etməlidirlər. Dünyada “super dövlətlərin”, yüz milyonlarla əhalisi olan ölkələrin siyasətinə təsir edəcək sayda erməni yoxdur. Bu, “missionerlər klubu”nun üzvü olmağın nəticəsi, səlibçi təfəkkürün daşıyıcılarının erməniləri bir klub üzvü kimi müdafiəsidir. Və bu dəstəyi dini, missioner ad altında etməyin doğuracağı aqressiv reaksiyanın qarşısını almaq, klubun digər “ögey üzvlərini” incitməmək üçün “erməni diasporunun gücü” adlı bir əfsanə yaradılıb.

Dünyanın Ermənistandan başqa, elə bir ölkəsi yoxdur ki, orda ermənilər ölkə əhalisinin və ya seçicisinin 1 faizindən artığını təşkil etsinlər. Belə olan halda hansı səsə, hansı siyasi prosesə əhəmiyyətli təsirdən söhbət gedə bilər? Məsələ sadəcə bu ərköyün klub üzvünün səlibçilər tərəfindən müdafiəsinin təşkil edilməsi üçün yaradılan növbəti əfsanədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR