Fransanın parlament komissiyası Prezident Emmanuel Makronun iqtisadiyyat naziri işlədiyi dövrdə “Uber” taksi şirkəti ilə gizli sövdələşmələrinə dair araşdırmalarını tamamlayıb. Məlum olub ki, “Uber” şirkəti Fransa bazarına daxil olmağa çalışarkən Fransua Hollandın kabinetində iqtisadiyyat naziri vəzifəsini tutan indiki Prezident Emmanuel Makronla gizli razılaşma əsasında müxtəlif imtiyazlar əldə edib.
Belə ki, Makron Silikon vadisi şirkətinə taksi xidməti göstərməsi üçün lazım olan lisenziyanın əldə edilməsini sadələşdirib, nəticədə bazarda “Uber”in lehinə haqsız rəqabət yaranıb. ABŞ şirkətinin həmçinin bu gizli sövdələşmə hesabına taksilərlə ədalətsiz rəqabətə girdiyi, hüquqi tələblərə məhəl qoymadığı və ölkənin ictimai qərar qəbulu orqanlarında aqressiv lobbiçiliklə məşğul olduğu üzə çıxarılıb.
Parlament komitəsinin təhqiqatları komitənin 6 ay öncə, “Uber” şirkətinin keçmiş lobbiçisi Mar McQann tərəfindən Britaniyanın “Guardian” qəzetinə “Uber faylları” kimi tanınan 124 min daxili sənədin sızdırılmasından sonra başladılıb. “Uber” şirkətinin 2014-2017-ci illərdə Fransadakı fəaliyyətinin müəyyənləşdirilməsi məqsədilə başladılmış komitə təhqiqatı zamanı iki keçmiş Baş nazir Berdard Kaznev və Manuel Valls, həmçinin “Uber”in keçmiş icraçı direktorları da dindirilib.
Komitənin 20 üzvü hesabatı təsdiqləyib, lakin Makronun öz partiyasından və müttəfiqlərindən olan üzvlər bitərəf qalıblar.
Emmanuel Makronla “Uber” arasındakı bu gizli əlaqələrin ortaya çıxması Fransada növbəti dəfə Prezidentə olan etimadı sarsıdıb, onun əvvəldən yarıtmaz olan bütün fəaliyyətini şübhə altında qoyub.
Sızdırılan sənədlərdə arasında Makronla “Uber” şirkətinin rəhbərləri arasındakı şəxsi yazışmalar da var. Bu yazışmalardan məlum olub ki, şirkət nümayəndələri üzləşdikləri problemlərin həll edilməsi üçün Makrondan yardım istəməkdə heç bir tərəddüd etməyiblər və onu Fransadakı əsas müttəfiq hesab ediblər. Makron da şirkətin rəhbərləri ilə bacardığı qədər isti münasibət saxlamaqda maraqlı olub.
“Əziz Travis, gəl əlaqədə qalaq və birlikdə inkişaf edək. Ən xoş arzularla, Emmanuel”, - deyə Makron 2014-cü ildə şirkətin həmtəsisçisi Travis Kalanikə emailində qeyd edib.
Ümumilikdə isə Makronun bu gizli sövdələşmədən nə əldə etdiyi, şirkəti hər məsələdə tərəddüd etmədən Markona çıxmağa cəsarətləndirən sövdələşmə şərtlərinin nə olduğu isə hələ ki məlum deyil.
Emmanuel Makronun hələ iqtisadiyyat naziri olduğu dövrdə “Uber” ilə qurduğu gizli və yaxın əlaqələr sayəsində bu şirkətin Fransa qanunlarını pozaraq öz təsir dairəsini genişləndirməsi ilə bağlı xəbərlər Fransa mediasının da diqqət mərkəzindədir.
Son hadisələr ermənilər üçün “ədaləti bərpa etməyə” söz verən Makronun öz xalqı qarşısında “məsuliyyət daşımaq” anlayışının nədən ibarət olduğunu bir daha ortaya qoyub. Əslində ermənilər də bunu sorğulasalar, boşuna ümidlənməmiş olarlar. Ən azından ona görə ki, heç öz millətinə qarşı dürüst olmayan bir siyasətçi başqa millət üçün necə can yandıra bilər?! Makron kimdir – saxtakar, oyunbaz, yoxsa kələkbaz siyasətçi?
Sızdırılmış sənədlərin sayəsində məlum olub ki, Makron “Uber” rəsmiləri ilə gizli sövdələşmələri əsasında şirkətin sürücülərinin ölkə qanunlarına əsasən sürücü kimi işə alınmaq üçün keçməli olduqları təlim saatlarının azaldılmasına razılıq verib və bu, ciddi pozuntu halıdır. Maraqlıdır, bunun qarşılığında “Uber” rəhbərləri ona nə təklif ediblər? İqtisadiyyat naziri kimi belə qeyri-qanuni fəaliyyətlərə başı qarışan Makronun indi prezident kimi nə üçün özünü doğrulda bilməməsinin səbəbi aydındır.
Onsuz da Emmanuel Makrona qarşı qəzəblə dolmuş Fransa xalqının indi ona qarşı daha çox nifrət bəsləməyə başqa bir səbəbi var. Prezident kimi yarıtmaz siyasi xətti ilə fransızları boğaza yığan Makron iqtisadiyyatı çökdürməyə hələ iqtisadiyyat naziri olduğu dövrdə başlayıb. O, “Uber” taksi xidmətinin ölkədə xüsusi üstünlüklü müstəqil fəaliyyətinə “yaşıl işıq” yandıraraq vəzifəsindən sui-istifadə edib. İndi fransızların iqtisadi böhran və işsizliklə üz-üzə qalmasının, sosial müdafiə xidmətlərindən faydalana bilməməsinin baiskarı kimi Makron əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır.
Makronun iqtisadiyyat naziri kimi fəaliyyət göstərdiyi illərdə “Uber” şirkəti üçün yaratdığı müstəsna imkanlar çox geniş miqyasda baş verib. “Uber”in 2014-cü ildən Fransa qanunlarına zidd bir şəkildə ölkə ərazisində “özəl sürücü” xidmətini aktivləşdirməsi də onun nazir kimi ilk fəaliyyət ilinə təsadüf edir. Vəzifəyə gələr-gəlməz bu cür əməllərə əl atması onun əsl siyasətçi modelindən nə qədər bixəbər olduğunu və ən əsası da, digər ölkələrin daxili işlərinə qarışa biləcək ən son şəxs olduğunu göstərir.
Öz xalqının rifahını düşünməyən bir prezident başqa xalqlara nə vəd edə bilər? Və ya digər dövlətlərin liderlərinə nə ilə örnək ola bilər? Buna ən yaxşı nümunə Emmanuel Makrondur. İllərdir bir siyasətçi kimi özünü doğrulda bilməyən və fransızların sevgisini qazana bilməyən bu şəxs “Uber” kimi qlobal şirkətlərin Fransa qanunlarından yayınaraq istədikləri formada biznes aparmalarına şərait yaradıb və bu barədə cəmiyyətə açıqlama verməyə də ehtiyac duymayıb. Əlbəttə, xalqı tərəfindən sevilməyən Makronun ikinci müddətə necə prezident seçilməsi və bu prosesin şəffaflığı da başqa bir sualdır.
Aşkar olunan sənədlərdən belə məlum olur ki, Emmanuel Makron 2015-ci ildə “Uber”lə gizli sövdələşmə imzalayaraq şirkətin onun ziyarətinə gələn lobbiçilərinin təsirinə asanlıqla düşüb. Onun xarici ölkələrin lobbi qruplarının əlində bir vasitəyə çevrilməsi elə buradan da aydın olur. Digər bir misal, təbii ki, erməni lobbisinin Makronun prezidentliyi dövründə apardığı kampaniyalardan görünür. 2015-ci ildə bütün Fransa hökuməti “Uber”ə heç bir güzəştə getməyəndə yalnız Makronun onlara qucaq açması onun öz hökumətinə belə sadiq olmadığını ortaya qoyur.
Makronun əhali arasında aşağı reytinqini (30%-dən bir az çoxdur) və son olaraq ortaya çıxan “Uber” sövdələşmələrini nəzərə alsaq, onu Fransanın legitim prezidenti hesab etmək olmaz. Onun yalnız bir çıxış yolu qalıb – istefa vermək. Amma bunun üçün də cəsarət lazımdır, bu keyfiyyəti də Makronda tapmaq çətin olar. Xalqın iradəsinin əksinə polis gücünə hakimiyyətdə qalmaqla və xalq etirazlarını zor gücünə yatırmaqla Makron müasir Qərbi Avropanın ilk diktatoru oldu.