Azərbaycanın xarici siyasət kursunu balanslaşdıran beş səfər - TƏHLİL

Azərbaycanın xarici siyasət kursunu balanslaşdıran beş səfər - <span style="color: red;">TƏHLİL
# 14 avqust 2013 11:04 (UTC +04:00)

Bu səfərlər Azərbaycanın xarici siyasətində önəmli rola malik üç güc mərkəzinin Bakıya münasibətini konkretləşdirmək baxımından əhəmiyyət daşıyır. İran və ABŞ-la yanaşı, Avropa, Rusiya və Türk dünyası Azərbaycan xarici siyasətinin əsas tərəfləridir, balanslaşma siyasəti məhz bu tərəflər arasında aparılır.

İtaliya həm Azərbaycanın əsas xarici ticarət tərəfdaşı, həm də ölkəmizin Avropanın enerji bazarına çıxışında həlledici rola malik ölkədir. Bu baxımdan baş nazir Enriko Lettanın Bakıdakı açıqlamaları təkcə iki ölkə arasında deyil, Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin gələcək konturlarını cızmağa imkan verdi. Əsas kontur bundan ibarətdir - Avropa enerji təhlükəsizliyinin təminatında Azərbaycanın əvəzedilməz rolunu qəbul edir və ən əsası Bakının bu prosesdə müstəqil qərar qəbul etmək hüququnu tanıyır. “Şahdəniz” qazının Avropaya TAP layihəsi üzrə nəqli qitəyə Türkiyə, Yunanıstan, Albaniya və İtaliya üzərindən ildə 10 milyard kubmetr təbii qaz nəql etməyə imkan verəcək. Bu, ilkin mərhələdə Avropanın enerji bazarının 10 faizinin Rusiyanın asılılığından qurtarması deməkdir.

Yunanıstanın DEPA şirkətinin özəlləşdirilməsi prosesi ətrafında gedən proseslər Rusiyanın da Azərbaycanın Avropanın enerji bazarına çıxış hüququnu tanıdığını təsdiqlədi. Özəlləşdirmənin son mərhələsində enerji nəhəngi “Qazprom”un geri çəkilərək SOCAR-ın faktiki qələbəsini təmin etdi. Bu fakt göstərir ki, Rusiya Avropanın enerji bazarının bölüşdürülməsində Azərbaycana rəqib deyil, tərəfdaş gözü ilə baxır. Vladimir Putinin Bakıya səfəri və verdiyi bəyanatlar bu yanaşmanı bir daha təsdiqlədi.

Putinin üçüncü prezidentlik dövrü Azərbaycan-Rusiya münasibətlərində bir sıra düyünlü nöqtələrin həlli ilə yadda qalıb ki, bu sırada ilk yerdə Qəbələ RLS-in istismarının dayandırılması gəlir. Bu hadisənin əsas siyasi nəticəsi həm də sonuncu rus əsgərinin Azərbaycanı tərk etməsidir.

Bakı-Novorossiysk kəməri ilə tranzit neft nəqlinin dayandırılması da iddiaların əksinə olaraq iqtisadi baxımdan Azərbaycana zərər vurmayıb, əksinə ölkə bazara aşağı keyfiyyətli Tümen nefti qarışmış neft çıxarmaq əvəzinə, yüksək keyfiyyətli neft çıxarmaq imkanı əldə edib. Bu sırada Putinin prezidentliyi dövründə iki ölkə arasında münasibətlərə öz damğasını vuran üçüncü hadisə kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə silah satışını balanslaşdırmasını qeyd etmək olar. Kreml Azərbaycana 1 milyard dollar dəyərində silah satmaqla Ermənistanla bu sahədə pozulmuş balansı bərpa edə bilib və indiki situasiyada münaqişə tərəflərinə eyni məsafədə dayanmaq istədiyini nümayiş etdirmək istəyib.

Azərbaycan və Rusiya həm də Dağlıq Qarabağ münaqişəsi və Xəzərin hüquqi statusu kimi problemlərdə əsas rolların ifaçılarındandır. Bakı və Moskvanın münasibətlərdə heç bir irəliləyiş nəzərə çarpmayan əsas problemlər də məhz bunlardır. Vladimir Putinin Bakıda verdiyi bəyanatlarda əsas ağırlığı bu iki məsələnin üzərinə salması təsadüf sayıla bilməz. Həm Dağlıq Qarabağ münaqişəsi, həm Xəzərin hüquqi statusu ilə bağlı bəyanatlar mahiyyətcə Kremldən uzun illərdir səslənən digər bəyanatlardan fərqlənmir, lakin Rusiya prezidentinin Bakıda bu məsələlərə dair hansısa fərqli bəyanatlar səsləndirəcəyini gözləmək absurd olardı. Pozitiv məqamlardan biri odur ki, Azərbaycan-Rusiya münasibətlərində problemlərin çərçivəsi Moskvanın dolayı iştirakçısı olduğu bu iki çoxtərəfli məsələ səviyyəsinədək daralıb. Problemlərin azalması həm də iki ölkənin münasibətlərinin yeni səviyyəyə qalxması ilə bağlıdır. Nəticədə Rusiya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanın bölgədə və beynəlxalq aləmdə, xüsusilə Avropaya enerji nəqli marşrutlarının şaxələndirilməsində rolunu qəbul etməyə başlayıb və bu proseslərdə Azərbaycanla tərəfdaş qismində iştirak etmək niyyətindədir. Vladimir Putinin Bakının irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirməsi və Moskvanın münasibətləri inkişaf etdirmək üçün yeni təşəbbüslərə açıq olması kimi bəyanatları bunu sübut edir. Vladimir Putinin prezidentlik dövründə postsovet məkanında Belarus və Ukraynadan sonra üçüncü səfərini ölkəmizə etməsini Rusiyanın Azərbaycana önəm verməsinin daha bir göstəricisi saymaq olar. Həm də o baxımdan ki, Rusiya prezidenti hələ Ermənistana səfər etməyib.

Bir həftə ərzində beş dövlət başçısının Azərbaycana səfər etməsi Bakının xarici siyasət kursunun çoxtərəfli münasibətlərə əsaslanmasının nəticəsidir. Türk dünyası ilə əlaqələr çoxdan xarici siyasətin əsas prioritet istiqamətlərindən birinə çevrilib, bəzən qısqanclıqla qarşılanan bu prioritet digər xarici siyasi fəaliyyət istiqamətlərini üstələmiş belə olur. Türkdilli respublikalar arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da genişləndirilməsi bu prosesin bütün iştirakçılarının, o cümlədən prosesə öncüllük missiyasını öz üzərinə götürmüş Azərbaycanın maraqlarına cavab verir. Üç ölkənin dövlət başçısının Azərbaycana səfəri sıradan hadisə hesab oluna bilməz. Ən azı o baxımdan ki, Türkdilli ölkələrin dövlət başçılarının sammitinə qatılacaq iki ölkə - Türkiyə və Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır və bu ölkələrlə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi mövcuddur. Yaxın Şərqdə gedən proseslər dünyanın ən qaynar nöqtələrinin sərhədini türkdilli respublikaların sərhədinə yaxınlaşdırıb. Mövcud qaynar nöqtələrin təsirindən sığortalanmaq, bu prosesdən minimum zərərlə çıxmaq üçün bu ölkələrin öz fəaliyyətini, xarici siyasət prioritetlərini koordinasiya etmək çox vacibdir və Qəbələdə keçiriləcək sammit bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Enriko Letta, Vladimir Putin, Abdullah Gül, Nursultan Nazarbayev və Almazbek Atanbayevin Azərbaycana səfəri bir faktı təsdiqləyir – rəsmi Bakının xarici siyasət kursunun əsas tərəfləri ilə diplomatik münasibətlərdə problemi yoxdur, problem yaransa belə, Azərbaycan geostrateji mövqe, enerji resursları kimi faktorlardan ortaya çıxan məsələlərin həlli üçün istifadə etməyi bacarır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR