Ermənistanın Gömrük İttifaqı seçimi Avropanın Dağlıq Qarabağ münaqişəsinə münasibətini dəyişdirəcəkmi? - TƏHLİL

Ermənistanın Gömrük İttifaqı seçimi Avropanın Dağlıq Qarabağ münaqişəsinə münasibətini dəyişdirəcəkmi? - <span style="color: red;">TƏHLİL
# 04 sentyabr 2013 11:41 (UTC +04:00)

Bakı. Vüqar Məsimoğlu-APA. Ermənistan Avropa ilə Rusiya arasında seçimini etdi, Gömrük İttifaqına daxil olmaq qərarı verməklə Avropaya rəsmən arxa çevirmiş oldu. İrəvanın iki güc mərkəzi arasında “oynamaq” cəhdi çox qısa zamanda başa çatdı, Ermənistan dünən açıqlanan qərarla müstəqil oyunçu olmadığını və ola bilməyəcəyini bir daha təsdiqlədi.

Ermənistan Gömrük İttifaqına daxil olmaq qərarı verməklə strateji seçimini rəsmiləşdirmiş oldu. Əslində siyasi, iqtisadi və hərbi baxımdan müstəqil olmayan, Rusiyanın Cənubi Qafqazda forpostu funksiyasını yerinə yetirən bir dövlətin Brüssellə Moskva arasında ikincinin lehinə seçim etməsi təəccüblü deyil. Təəccüblü olan İrəvanın bundan əvvəl Avropa Birliyi ilə assosiativ saziş imzalamağa hazırlaşması və Avropanın İrəvanın bu niyyətinin səmimiliyinə inanması idi. Rusiyanın Ermənistan siyasətində sahib olduğu hakim mövqe Avropaya yaxşı məlumdur və assosiativ sazişlə İrəvanı Moskvanın təsir dairəsindən çıxara biləcəyini düşünmək sadəlövhlük idi. Avropa artıq bu səthi yanaşmanın əziyyətini çəkir.

Gömrük İttifaqına üzvlük Ermənistanın Avropa perspektivlərinin üstündən birdəfəlik xətt çəkmiş oldu. Bu, həm də Avropanın Rusiyanın nüfuz dairəsinə müdaxilə təşəbbüsünün - “Şərq Tərəfdaşlığı” proqramının əhəmiyyətini müəyyən dərəcədə itirməsi deməkdir. Avropanın Ermənistandan sonra Belarusla bağlı eyni aqibəti yaşayacağı gözləniləndir. Və beləliklə “Şərq Tərəfdaşlığı” proqramının hədəf ölkələri yalnız GUAM üzvləri olacaq.

Sual olunur - Rusiyanın Gömrük İttifaqı planlarından və bu layihədə özünə ayrılan yerdən xəbərdar olan Ermənistan niyə Avropa Birliyi ilə assosiativ saziş imzalamağa hazırlaşırdı? Bu, daha çox Ermənistanın Rusiyaya dolayı mesajı kimi dəyərləndirilməlidir. Ölkədə miqrasiyanın səviyyəsinin böhran həddinə çatması, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi, ən əsası isə iqtisadiyyatı ianələr hesabına formalaşan Ermənistanın büdcəsinə diaspora xətti ilə yönəldilən vəsaitlərin kəskin şəkildə azalması İrəvanı düşünməyə məcbur edib.

Dünyada ciddi maliyyə böhranı var, bu, diasporanın yardımlarının azalmasına səbəb olub. Digər tərəfdən erməni diasporunun güclü olduğu ölkələrin Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşu da azalıb. Son bir ildə ölkə iqtisadiyyatına birbaşa xarici sərmayə qoyuluşu 64 faiz azalıb, Rusiya bu il Ermənistan iqtisadiyyatına cəmi 38 milyon dollar sərmayə yatırıb.

Özünütəcrid siyasəti nəticəsində ağır iqtisadi böhran keçirən Ermənistan bütün ümidlərini Rusiyaya bağlasa da, Moskvanın İrəvana dəstəyi siyasi və hərbi dəstəkdən o yana keçmir. Son prezident seçkilərində bəzi namizədlərin Rusiyaya qarşı ittihamlar iqtisadi dəstəyin verilməməsi ilə bağlı idi və bəziləri bir qədər irəli gedərək Avropaya üz tutmağı çıxış yolu kimi göstərirdilər. Bu baxışları ayrı-ayrı siyasi dairələrin deyil, ümumilikdə Ermənistan cəmiyyətinin yanaşması kimi dəyərləndirmək lazımdır.

Bu baxımdan Ermənistanın Avropa Birliyi ilə assosiativ saziş imzalamağa hazırlaşması Rusiyaya bir mesaj xarakteri daşıyırdı. Lakin Rusiyanı avrointeqrasiya planları ilə “hədələmək” – bu, onu göstərir ki, Ermənistan öz xarici təsir imkanlarını obyektiv dəyərləndirə bilmir və siyasi manevr imkanları asanlıqla proqnozlaşdırıla biləcək səviyyədə məhduddur (“onsuz da axırda Gömrük İttifaqını seçməli olacaq”, “Rusiyanın dediyini edəcək” və s. dəyərləndirmələr).

Ermənistanın Gömrük İttifaqı seçimini etməsinə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana yönəlik siyasəti də təsir göstərməmiş deyil. Bakıda verilən bəyanatlar və Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişafı İrəvanda “Moskva artıq Ermənistanın təhlükəsizliyinin qarantı missiyasından imtina edə bilər” qorxusu yaradıb və bu qorxu obyektiv olaraq qonşu dövləti ona ayrılmış “Rusiyanın metresi” rolunu tələm-tələsik rəsmiləşdirməyə məcbur edib.

Bu prosesdə Avropa Birliyinin prosesləri səthi dəyərləndirməsi də əsas rol oynayıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə ciddi şəkildə müdaxilə etməyən, bölgədə yalnız iqtisadi maraqlarını təmin etməyə çalışan Avropa perspektiv planlarını təhlükə altına atmış oldu. Cənubi Qafqaz bölgəsini Rusiyanın təsir dairəsindən çıxarmağa istiqamətlənmiş addımlar atılsa da (Şərq Tərəfdaşlığı, enerji layihələri, Cənubi Qafqaz ölkələri üçün viza rejiminin sadələşdirilməsi, maliyyə yardımları və s. ), siyasi bazis formalaşdırılmadı. Bu səhvləri Qərbin Gürcüstana münasibətində də görmək olardı.

Cənubi Qafqazda möhkəmlənmək istəyən Qərbin yeganə yolu üzünü avrointeqrasiya siyasətini açıq bəyan etmiş, balanslaşdırılmış siyasət yürütməyə qabil Azərbaycana tutmaqdır. Lakin Qərb Ermənistan və Gürcüstana nəzərən buraxdığı səhvləri Azərbaycanın timsalında təkrarlamamalıdır. Bakı öz enerji resurslarını xarici siyasətin önəmli faktoruna çevirib və Avropanın enerji təhlükəsizliyinin təmin olunması kimi əhəmiyyəti bir rolu üzərinə götürüb.

Bunun müqabilində Azərbaycanın Avropadan gözləntiləri var – Avropadan fərqli olaraq rəsmi Bakı iqtisadi maraqlardan çox siyasi maraqların təmin olunmasını istəyir və enerji siyasətinin əsas hədəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında nəticə əldə etmək olduğu gizlətmir. Ermənistanın son addımından sonra Qərb bu gözləntiləri dəyərləndirməməsi növbəti yanlış ola bilər.

Sərkisyanın Gömrük İttifaqına qoşulmağa dair qərarına münasibət bildirən AB rəsmilərinin ilk açıqlamalarında bunun məhz belə olacağının ilkin işarələri var. Məsələn, Avropa Parlamentinin xarici əlaqələr komissiyasının sədri Elmar Brok açıq mətnlə bəyan edib ki, indiyə qədər bu məsələ ilə məşğul olmayan Avropa Birliyi “dondurulmuş münaqişə”lərin həllinə ciddi maraq göstərməlidir. Yaxın günlərdə eyni məzmunda bəyanatın daha yüksək səviyyələrdə veriləcəyi istisna etmək olmaz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR