Sabahımız, yaxud xarizmatik liderin yaratdığı gerçəklik - DEPUTAT YAZIR

Sabahımız, yaxud xarizmatik liderin yaratdığı gerçəklik - <span style="color: red;">DEPUTAT YAZIR
# 24 dekabr 2012 10:35 (UTC +04:00)

Son 10 il ərzində qazanılan uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyib. Bu uğurlar son nəticədə əhalinin sosial rifahının yüksəlməsinə yol açıb. Nəzərə almaq lazımdır ki, bu gün bütün sivil ölkələrin əsas məqsədi insanların rifah halının yüksəldilməsi olduğundan sosial dövlət çoxcəhətli xarakter daşıyır. Dünyada mövcud olan sosial siyasət modelləri vətəndaşların sosial müdafiəsinin və ümumi rifahının təmin olunması, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində özünəməxsus kurs kimi müəyyənləşdirilib. Artıq bu modellərin sırasına daxil olmaq imkanı qazanmış sosial siyasətin Azərbaycan modeli də var.

Modernləşən Azərbaycan modeli

Məlum olduğu kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində respublikada səmərəli dövlət idarəçiliyinin olmaması bütün sahələrdə böhranın dərinləşməsini labüdləşdirmişdi. İqtisadi sahədə yaranmış çətinliklər, maliyyə çatışmazlığı sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün real addımların atılmasını tamamilə məhdudlaşdırmış, sosial müdafiəni təmin edən proqramlar həyata keçirilməmiş, beləliklə cəmiyyətdə təbəqələr arasındakı uçurum getdikcə böyümüşdü. Bu isə sağlam, demokratik və inkişaf edən dövlətlərin təməl prinsipi olan orta təbəqəni dağıtmışdı. Ona görə də, həmin ərəfədə siyasi səriştəsizliyini pərdələmək məqsədilə o zamankı hakimiyyət populist “sosial müdafiə siyasəti” həyata keçirməyə başlamışdı. Əlbəttə, məntiqi olaraq bu fəaliyyət öz səmərəsini vermədi. Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sferada da Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra köklü dəyişikliklər baş verdi. Total böhran səviyyəsində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Ulu öndər Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Fərman, Fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənəd imzaladı. İnsanların sosial müdafiəsinin mükəmməl və etibarlı şəkildə təmin olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi istiqamətində 1995-ci ildə Ümummilli liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Həmin Konstitusiyanın 16-cı maddəsində deyilirdi ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. Beləliklə də, ölkədə bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi məqsədilə ardıcıl addımlar atıldı.

Əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu yeni sosial siyasət konsepsiyası 2003-cü ildən başlayaraq, Ulu öndərimizin siyasi varisi Prezident İlham Əliyev tərəfindən şaxələndirilmiş şəkildə davam etdirildi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dövlət rəhbəri seçildikdən dərhal sonra imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın təsdiq edilməsi haqqında fərmanlar ölkəmizdə iqtisadi və sosial sferalarda yeni inkişaf dövrünün başlanğıcına yeni bir təkan verdi. Təkcə 2004-cü ildə Prezident İlham Əliyev ümumilikdə ölkə vətəndaşlarının sosial müdafiəsini daha da gücləndirmək məqsədilə 10-dan çox fərman və sərəncam imzaladı. Qəbul edilən rasional qərarlar sayəsində əhalinin əmək haqları, müavinətləri və pensiyalarında və bütövlükdə əhalinin real gəlirlərinin artırılması sahəsində ciddi müsbət dəyişikliklər oldu.

Baş məqsədi xalqın rifahının yüksəldilməsi

2001-ci ilin əvvəllərində sosial təminat sisteminin əhatə etdiyi çox geniş əhali qrupunun bir çox güzəşt və imtiyazlarının ləğv edilərək, konkret ünvanlı pul kompensasiyası ilə əvəzlənməsi ünvanlı sosial yardıma keçiddə çox mühüm və cəsarətli bir addım oldu. Bu məqsədlə, dövlət başçısı əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi təmin edilməsi məqsədilə 21 oktyabr 2005-ci ildə “Ünvanlı dövlət sosial yardım haqqında” qanunu imzaladı. Belə yardımların verilməsi aztəminatlı ailələrin maddi rifah halının yüksəldilməsində bu gün də çox mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin sosial sahədə diqqətçəkən addımlarından biri də 2006-cı ilin aprel ayının 17-də “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” haqqında Sərəncam imzalaması oldu. Bununla ahıl vətəndaşların hüquqları artırıldı, onların ölkənin sosial-iqtisadi həyatında iştirakı təmin edildi, bu kateqoriyadan olan vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi, sağlamlıqlarının qorunması və sosial müdafiəsinin təmin edilməsi, həmçinin, bu işdə ictimai bölmənin fəaliyyətinin artırılması istiqamətində ciddi addımlar atıldı. Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikamızda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” vətəndaşların pensiya təminatında yeni sistem formalaşdırdı. Bununla da, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu islahatlar istiqamətlərinə uyğun olaraq, ölkəmizdə sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri müəyyənləşdirildi. 2006-cı ilin 1 yanvarından 3 qanun - "Əmək pensiyaları haqqında", "Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar qüvvəyə mindi. Beləliklə, hər iki sistemin sığorta və müavinət qurumlarının fəaliyyətini təmin edəcək güclü qanunvericilik bazası yaradıldı.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində sığorta olunanların fərdi uçotu sisteminə keçid real yığıma əsaslanmaqla baş verir. Lakin məsələyə birbaşa belə yanaşma xüsusilə, əvvəlki sistemlə əhatə olunan insanların sosial müdafiəsində, öz mənfi təsirlərini göstərir. Bu halda ölkə Prezidentinin bilavasitə dəstəyi və qayğısı nəticəsində dövlət büdcəsindən transfertin edilməsi çox böyük rol oynadı. "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında" 27 oktyabr 2009-cu il tarixli qanun isə pensiya sisteminə yeni yanaşmanın əsasını qoydu. “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində 2011-ci ildə “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər edildi. Beləliklə də, ötən ilin iyul ayının 1-dən etibarən pensiya təminatında vahid prinsipin tətbiqinə başlanıldı və təqribən 845 min nəfərin pensiyası 40 faiz artırıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun olan “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” işlənib hazırlandı və təsdiq edildi. Bu strategiyanın əsas məqsədi dövlət məşğulluq siyasətinin səmərəliliyinin artırılmasına, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları üçün iş yerlərinin yaradılmasını, məşğulluğun inkişafını, yeni iş yerlərinin açılmasını stimullaşdıran maliyyə-iqtisadi mühitinin formalaşmasına yönəldilən siyasi prioritetlərin müəyyən edilməsindən ibarətdir. Görülmüş tədbirlərin yekunu olaraq, 2003-2011-ci illər ərzində respublikamızda 1 milyondan artıq yeni iş yerləri açıldı, işsizliyin səviyyəsi isə 5.4 faizə düşdü.

Azərbaycanın sosial siyasətinin mühüm istiqamətlərindən birini də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir ki, bu istiqamətdə də Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində əhəmiyyətli nailiyyətlər əldə olundu. Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə” Dövlət Proqramı təsdiqləndi. Həyata keçirilmiş məqsədyönlü fəaliyyət nəticəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində məcburən ölkənin müxtəlif bölgələrində salınmış bütün çadır şəhərcikləri 2007-ci ildə ləğv edildi, onların əvəzinə yeni şəhərciklər salındı, çox mərtəbəli binalar tikildi. Qaçqın və məcburi köçkünlərin işlə təminatında cəmiyyətə tam inteqrasiyasında da önəmli ciddi addımlar atıldı.

Təhsil və səhiyyədə yeni infrastruktur qurulub

Sosial siyasətdən danışarkən təhsil və səhiyyə infrastrukturunun yenidən qurulmasını da xüsusi qeyd etmək lazımdır. Çünki məktəb və xəstəxana binalarının tam əksəriyyəti köhnəlmiş, fiziki baxımdan aşınmış, bəziləri isə tam yararsız vəziyyətdə idi. 2003-cü ildən bu ilin birinci yarısınadək Azərbaycanda 3000-dən çox yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir avadanlıqlarla, o cümlədən kimya və fizika laboratoriyaları ilə təmin edilməsi, bütün məktəblərdə kompüter siniflərinin yaradılması təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir. Prezidentin "Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında" 16 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, məktəblərin və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 23 iyun 2008-ci il tarixli sərəncamı ilə 25 milyon, bu işlərin davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli sərəncamı ilə 13 milyon, 4 dekabr 2009-cu il tarixli sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb. Eyni zamanda Azərbaycan Prezidentinin 2003-2011-ci illərdə bir çox məktəblərin açılış mərasimində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə, şagirdlərlə, valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri də xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə 2005-2010-cu illərdə 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. 2010-2011-ci tədris ili ərəfəsində ölkədə 9380 yerlik daha 26 məktəb istifadəyə verilib. 2011-2012-ci tədris ili ərəfəsində isə Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilmiş, yeni korpuslar tikilib. Bölgələrdə 60-a yaxın məktəb təmir edilib.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 22 iyun tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən paytaxtda 157 məktəbin tikintisi, əsaslı təmiri, yeni korpusların, kitabxana, idman və akt zallarının inşası, uşaq bağçalarının yenidən qurulması və s. işlərin görülməsi nəzərdə tutulub. Təkcə son 3 il ərzində 700-dən çox məktəbin tikilməsi bu sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün kifayətdir.

Onu da qeyd etmək lazımdır ki, Zaqatala-Balakən bölgəsində baş verən zəlzələdən sonra dövlət başçısı yararsız vəziyyətə düşən məktəblərin yerində müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisini xüsusi diqqət mərkəzində saxlayıb.

Son illərdə respublikamızda 400-dək səhiyyə müəssisəsi inşa olunub və ya əsaslı təmir edilib. Ölkəmizdə dövlət tibb obyekti əhaliyə xidmət pulsuzdur. Dövlət başçısı tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev insanların sağlamlığının qorunmasına xüsusi həssaslıqla yanaşır. Dövlət başçısının Ağdaş rayon Mərkəzi Xəstəxanasının açılışındakı çıxışında da bu, aydın görünür: “Hər bir sahəyə diqqət göstərilir, məktəblər tikilir, yollar çəkilir, yeni müəssisələr işə salınır. Ancaq insanların sağlamlığı birinci dərəcəli məsələdir. Mən çox şadam ki, son illər Azərbaycanda bu sahədə aparılan işlər müsbətdir, yeni xəstəxanalar, tibb məntəqələri açılır. İnsanların sağlamlığı üçün lazımi tədbirlər görülür. Növbəti mərhələlərdə biz diaqnostika məsələlərinə daha çox diqqət verməliyik, xəstəliklərin profilaktikası ilə məşğul olmalıyıq və beynəlxalq təcrübəni maksimum dərəcədə tətbiq etməliyik.
O ki qaldı xəstəxanaların tikintisinə, mən hesab edirəm ki, biz indi ən inkişaf etmiş ölkələrdən geri qalmırıq. Bizdə yaradılan gözəl şərait inkişaf etmiş ölkələrdəki şəraitə uyğundur, bəzi hallarda onları üstələyir. Avadanlıqla təchizat məsələlərinə də böyük diqqət göstərilir. Ən müasir avadanlıq – diaqnostika cihazları gətirilir. Ümid edirəm ki, biz növbəti illərdə daha çox həkimlərin peşəkarlığına diqqət göstərməliyik. Bu məqsədlə həkimlər daim öz təcrübəsini genişləndirməlidirlər”.

Modern dövlət quruculuğu

Bir sözlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət son nəticədə təhsil və səhiyyə də daxil olmaqla, ümumən sosial sahədə geniş miqyaslı işlərin görülməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin sosial siyasətinin əsasını səbəb və nəticə amili, ölçülü-biçili, hesablanmış proqramlarla maliyyələşmə, regional idarəetmə, mükəmməl iqtisadi siyasəti və infrastrukturun modernləşdirilməsi faktorları təşkil edir. Sosial siyasətin Azərbaycan modelində sosial xidmətlərin əsas istehsalçısı kimi dövlət, xərclərin bölüşdürülməsində isə dövlət büdcəsi mühüm rol oynayır, səbəblər aradan qaldırılır, nəticədə problemlər azalır, deinstitutlaşma siyasəti qanunvericilik səviyyəsində ardıcıl həyata keçirilir, ölkədə əlil və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, veteranların, ahılların sosial şəraitinin yaxşılaşdırılması üçün onlara sistemli yardımlar, mənzillər, minik maşınları verilir, işsizliyin aradan qaldırılması üçün kiçik və orta sahibkarlıq inkişaf etdirilir, yoxsulluğun sıfıra endirilməsi istiqamətində daim iş aparılır, proqramlarla və regional idarəetməyə üstünlük verilir, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsi üçün müvafiq şərait yaradılır.

Daha geniş prizmadan yanaşılsa, Prezident İlham Əliyev iqtisadiyyatın modernləşdirilməsini prioritet elan edib və bu sahədə məqsədyönlü işlər görülür. Məsələn, neft-qaz sektorunda əldə edilən vəsaitlərin əhəmiyyətli qismi qeyri-neft sektorunun inkişafı üçün vacib infrastrukturun yaradılmasına yönəldilib. Son illər qeyri-neft sektorunda baş verən artım dinamikası da enerji resurslarının diversifikasiyası ilə bağlı siyasətin nəticəsidir. 2012-ci ilin ötən 9 ayı ərzində neftdən kənar sahələrin dayanıqlı inkişafı və xüsusilə də, qeyri-neft sənayesinin pozitivliyi uğurlu iqtisadi siyasətin əlamətləri kimi qiymətləndirilə bilər. Son səkkiz il ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,2 dəfə artıb. Bu illər ərzində Azərbaycanda qeyri-neft sektorunun aparıcı bölmələrindən olan sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,3 dəfə, tikinti sektorunda iş həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və informasiya sektorunda xidmətlər isə 6,4 dəfə artıb. Qarşıdakı 3 il, yəni 2013-2015-ci illər ərzində büdcədə neft sektorunun payı 52,4 faizdən 22,4 faizə düşəcək, qeyri-neft sektorunun payı müvafiq olaraq 47,6 faizdən 77,6 faizə qədər artacaq. Qarşıdakı 10 ildə isə qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi çəkisinin 2 dəfədən çox artması proqnozlaşdırılır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı son illərdə inkişaf dinamikasına və artım meyllərinə görə fərqlənməklə bərabər, həm də iqtisadi və sosial idarəetmədə yeni modernizasiya elementlərinin tətbiq olunması ilə diqqəti cəlb edir. Bu tendensiya iqtisadiyyatın strukturunda yeniləşmənin bütün təzahürlərinin meydana çıxmasına səbəb olub. Yəni ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Prezident İlham Əliyevin müəyyən etdiyi uzunmüddətli strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominantlığını möhkəmləndirməkdən ibarətdir.

Dövlət başçısı paralel olaraq müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılmasını da diqqət mərkəzində saxlayır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə gənclərimiz xarici ölkələrin nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil alırlar. Məqsəd insan kapitalının xüsusi yer tutduğu modern dövlət quruculuğunda dünyadakı ən son nailiyyətdən istifadəni təmin etməkdir.

Uğurlu xarici siyasət

Ölkə daxilində insanların sosial rifah halının yüksəldilməsi, regional və qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi uğurlu xarici siyasət olmadan mümkünsüzdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurları isə göz önündədir. Azərbaycan yüksək rəqabət şəraitində keçən 17 turdan sonra beynəlxalq ictimaiyyətin etimadını qazanaraq 2011-ci il oktyabrın 21-də BMT üzvü olan ölkələrin 155 səsini toplayıb və 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan bu il yanvarın 1-dən Təhlükəsizlik Şurasının üzvü səlahiyyətlərinin icrasına başlayıb. May ayında isə müddətinə bu mötəbər quruma sədrlik edib. Müstəqilliyimizin 20 illiyinə təsadüf edən bu qələbə ölkəmizin qısa müddət ərzində balanslaşdırılmış, çoxşaxəli və məqsədyönlü xarici siyasətinin həyata keçirilməsi nəticəsində əldə etdiyi yüksək nailiyyətlərinin əsl göstəricisidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi onun həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.

“Evrovizion” mahnı festivalının Bakıda keçirilməsi dövlətimizin əmin-amanlıq, rifah ölkəsi olduğuna bir daha sübut oldu. Sevindirici haldır ki, Azərbaycan demək olar ki, hər gün bu və ya digər beynəlxalq tədbirin keçirilməsinə ev sahibliyi edir!

Beynəlxalq aləmdə nüfuzu sürətlə artan Azərbaycan artıq müxtəlif sahələrdə gələcəkdə də keçirilən yüzlərlə beynəlxalq əhəmiyyətli tədbirlərin keçiriləcəyi ölkələrdən birinə çevrilib. Ən mötəbər tədbirlərin keçiriləcəyi ölkələrin namizədliyi müzakirəyə çıxarılarkən Azərbaycanın adı ilk onluqlar sırasında yer alır. Az əvvəl, dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Yarışın Azərbaycanda keçirilməsi qərarının lehinə 38, əleyhinə 8 səs verilib, iki nəfər bitərəf qalıb. Olimpiya oyunlarında 15 idman növü üzrə qaliblər müəyyənləşəcək. Bunun 12-si olimpiya idman növüdür. Avropa Olimpiya Oyunlarından ölkəmiz ən azı 100 milyon avro qazanacaq. Oyunların bütün yayım hüquqları Azərbaycandadır, bu hüquqları Avropa Yayım Şurasına satacağıq. Sponsorluqdan gələn gəlirlər ölkəmizə qalacaq. Eyni zamanda, brendlər və bilet satışı hüququ da Azərbaycana verilib.

Ümumiyyətlə, ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Bu, torpaqlarının 20 faizinin işğal altında olması, 1 milyon insanının qaçqın və məcburi köçkün olmasına rəğmən, iqtisadiyyatını sürətlə inkişaf etdirən, əhalisinin sosial rifahını yüksəldən, uğurlu xarici siyasət aparan Azərbaycanın dünyada qazandığı böyük hörmət və etimadın növbəti təzahürüdür. Azərbaycanın bu uğurlarının memarı isə Prezident İlham Əliyevdir. Fövqəlgüclərin maraqlarının toqquşduğu Cənubi Qafqaz kimi həssas regionda yerləşən Azərbaycana isə bu uğurları yalnız və yalnız xarizmatik bir lider qazandıra bilərdi. İlham Əliyev xarizması artıq formalaşıb və dünyada da qəbul edilir. Güclü Azərbaycanın qarşısında isə təcrid olunmuş vəziyyətə düşən, iqtisadiyyatı inkişaf perspektivindən mərhum, əhalisi ölkəni sürətlə tərk edən işğalçı Ermənistan uzun müddət dayana bilməz. İşğal altındakı torpaqlarımız, Qarabağımız işğaldan azad ediləcək.

Azərbaycanın gələcəyi

Azərbaycanın sabahı barədə artıq aydın təsəvvür var. Prezident İlham Əliyev 2011-ci il noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. İnkişaf Konsepsiyasının hazırlanması zamanı sosial sahənin inkişaf etdirilməsi üçün yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təşkili, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun artırılmasına nail olunması hədəfləri əsas götürülüb. Azərbaycan dövlətinin sosial siyasətinin əsas hədəfləri əhalinin bütün təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi işində birləşib.

Beləliklə, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ildə Azərbaycanda adambaşına düşən qeyri-neft sektoru üzrə ixrac həcminin 1000 dollara çatdırılması planlaşdırılır. Konsepsiyada ölkənin regionun ticarət mərkəzinə çevrilməsi də əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Konsepsiyaya görə bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən məqsədyönlü dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri rəhbər tutulacaq.

Təbii ki, gələcək 10 il ərzində, Azərbaycan əhalisinin artımını, iqtisadi və maliyyə imkanlarının yüksəlməsini, infrastruktur quruculuğu və sənayeləşmə prosesinin gücləndirilməsini, eləcə də, Azərbaycanın postsənaye erasına daxil olmasını, iqtisadiyyatın özəl bölməsində sıçrayışlı tərəqqi tendensiyasını və digər amilləri nəzərə alaraq deyə bilərik ki, 2020-ci ilə qədər qeyri-neft sektoru hesabına daha çox yeni müəssisələrin və iş yerlərinin açılması, əmək haqqı və pensiyaların artırılması, yoxsulluğun və işsizliyin minimal həddə çatdırılması, insanların layiqli həyat şəraiti ilə təmin olunması, sosial risklərin aşağı salınması ilə ünvanlılığın daha da təkmilləşdirilməsi, sosial xidmətlərin səviyyəsinin həm dövlət, həm də ictimai sektorda kamilləşdirilməsi və başqa işlər həyata keçiriləcək.

Bütün bunların yekunu olaraq, cəmiyyətin təbəqələşməsinin rombvari (həndəsi fiqur olaraq, rombun yuxarı bucağında azca varlı, aşağı bucağında kiçicik kasıb təbəqə yer alır. Rombun mərkəzində isə çoxluq təşkil edən orta təbəqə yerləşir. Burada proseslər bu cür gedir: yuxarı hissədə varlı təbəqədən orta təbəqəyə və əksinə, aşağıda isə kasıb təbəqədən orta təbəqəyə və əksinə hərəkət müşahidə olunur.) inkişafının təmin edilməsi ilə, orta təbəqənin sosial-iqtisadi və ictimai-siyasi proseslərdə iştirak payının daha da yüksəldilməsi həyata keçiriləcək və Azərbaycan sosial rifah baxımından inkişaf etmiş ölkələrin sırasında yer alacaq.

Gözəl ailə başçısı olan Prezident İlham Əliyevin sosial sahədə atdığı addımlar bir qayğıkeş insan kimi onun xalqın sevimli liderinə çevirib və xalqımız məhz bu xarizmatik şəxsin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın daha qüdrətli bir dövlətə çevriləcəyinə əmindir.

Prezidentimizi ad günü münasibəti ilə təbrik edirik! Ona xalqın lideri və sevimlisi kimi qarşıya qoyulan uzunmüddətli proqramların həllində prezident kimi yeni-yeni uğurlar diləyirik!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR