Biləsuvar rayonunda tapılan qədim şəhərlə bağlı arxeoloji araşdırmaların ilkin nəticələri açıqlanıb

Biləsuvar rayonunda tapılan qədim şəhərlə bağlı arxeoloji araşdırmaların ilkin nəticələri açıqlanıb
# 27 iyun 2012 09:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Biləsuvar rayonunda tapılan qədim şəhərlə bağlı arxeoloji araşdırmaların ilkin nəticələri açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov APA-ya açıqlamasında deyib ki, Biləsuvarda “Çöl Ağdam”, “İçəri Ağdam”, “Şəhriyar”, “İsmətli” yaşayış yerləri, “Yedditəpə”, “Qoşatəpə”, “Seyidalıtəpə” və s. kurqanlar qeydə alınıb: “İlkin arxeoloji araşdırmalar belə bir fikri deməyə əsas verir ki, Biləsuvar ərazisindəki ilk şəhər tipli yaşayış məskəni “İçəri Ağdam” şəhər yeri olub. “Çöl Ağdam” şəhər yeri isə həmin şəhərin möhkəmləndirilməsinə xidmət edib. Bu yaşayış məskəni 3 əsrdə Sasanilərin işğalı dövründə qala divarları ilə hasara alınıb, iri müdafiə istehkamına çevrilib. Ərəblərin gəlişinə qədər bölgədə əsas mərkəz rolunu oynayıb. Ərəb işğalı dövründə həmin ərazidə əhali bütpərəstlik dininə sitayiş etdiyinə görə, ərəblər yaşayış məntəqəsini dağıdıb və əhali əvvəlki yerdən 2-3 km məsafədə olan “Şəhriyar” şəhər yerinə köçürülüb. Həmin ərazidən keçən arxın Gavurarx adlandırılması da ərəblərin işğalı ilə əlaqədardır. Belə ki, ərəblər vahid dini olmayan əhalini “gavurlar”, “kafirlər” adlandırırdı, onlara vahid dini qəbul etdirirdi və özlərini də əvvəlki yaşayış yerlərindən 2-3 km kənara köçürürdülər”.

A. Məmmədov deyib ki, “Şəhriyar” şəhərinin yaxınlığından keçən “Gavurarx” öz başlanğıcını Cənubi Azərbaycan ərazisindəki Altanqala deyilən yerdən götürür və Bəhramtəpə yaxınlığında Bolqarçayla birləşir. Onların birləşdiyi ərazidə e.ə. II əsrə aid küp qəbirlərin olduğu müəyyənləşib. Bu da onu göstərir ki, “Şəhriyar” şəhər yerinə çevrilənə qədər hələ e. ə. II əsrdə həmin ərazidə yaşayış məskəni olub. Bu ərazidə iri yaşayış məntəqələrinin salınması həm də Böyük İpək Yolunun e.ə. II əsrdə həmin ərazidən keçməsi ilə bağlıdır. Belə ki, adıçəkilən şəhərlər orta əsr Dərbənd-Ərdəbil, Dərbənd-Bərdə ticarət yolunun üzərində yerləşib. Bu yerlərdə yaşayan əhali Kür çayı vasitəsilə mərkəzi Rusiya, yaxın və orta Şərq ölkələri ilə əlaqə saxlayıblar. “Şəhriyar” şəhər yerində həm də su tüngləri vasitəsilə gətirilən kəmərlər aşkarlanıb. Bu da şəhərin uzun müddət mühasirədə qaldığı zaman su ilə təmin olunmasına əsas verib.

Biləsuvar ərazisində arxeoloji tədqiqatlar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR