Təbrizdə Naxçıvan Muxtar Respublikasının 90 illiyi qeyd olunub - FOTO

Təbrizdə Naxçıvan Muxtar Respublikasının 90 illiyi qeyd olunub - <span style="color: red;">FOTO
# 11 fevral 2014 08:10 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Təbrizdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi qeyd olunub.

Azərbaycanın Təbrizdəki baş konsulluqdan APA-ya verilən məlumata görə, Təbrizin “Beynəlxalq İpək Yolu” restoranında keçirilən yubiley tədbirlərinin açılış mərasimində Azərbaycan və İranın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə konfransda məruzə ilə çıxış edərək, Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixinin əhəmiyyətli hadisəsi olduğunu nəzərə alaraq, prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzaladığını bildirib.

Daha sonra Ə.Əlizadə Naxçıvanın tarixən keçdiyi çətin sınaqlarla dolu mürəkkəb və şərəfli yoldan söz açıb, 1918-24 illərdə ermənilərin Azərbaycan əhalisinə, o cümlədən naxçıvanlılara qarşı davam etdirdiyi soyqırımları, Naxçıvan diyarının Ermənistana ilhaq edilməsi cəhdləri, Azərbaycanın qədim diyarı olan Naxçıvanda muxtar respublikanın yaradılmasının tarixi-siyasi əsasları və əhəmiyyəti, Moskva və Qars müqavilələri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli qərarı haqqında iştirakçılara məlumat verib.

Baş konsul Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 1990-93-cü illərdə Naxçıvanda yaşayıb işləməsinin Naxçıvanın bugünkü mövcudluğuna və inkişafına şərait yaratdığını, Naxçıvanda işlədiyi dövrdə onun təşəbbüsü ilə qəbul olunan bir sıra qərarların sonradan Azərbaycanın da müstəqilliyinin qorunub saxlanılmasında, Azərbaycanın çiçəklənməsində əvəzsiz rola malik olduğunu qeyd edib.

Daha sonra konfransda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli, İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Seyid Əhməd Neməti çıxış ediblər.

Çıxışlardan sonra “Naxçıvan: İnkişafın qürur doğuran səhifələri” adlı film də nümayiş olunub. Konfrans başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi ilə əlaqədar rəsmi qəbul təşkil edilib. Qəbulda “5000 ilin Naxçıvanı” adlı videoçarx nümayiş olunub, Azərbaycan xalq mahnıları və musiqiləri səsləndirilib, iştirakçılar zəngin mətbəximizin yeməkləri və şirniyyatlarına qonaq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR