Oğuzda “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar tədbir keçirilib

Oğuzda “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar tədbir keçirilib
# 06 iyun 2014 11:58 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuz rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlar və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edib.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxışında bildirib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabət qabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Oğuz rayonunda da infrastruktur təminatının yaxşılaşdığını, yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsinin icraçısı Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR