TQDK və Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın təqdimatı keçirilib - FOTO

TQDK və Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 16 dekabr 2013 10:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın (derslik.edu.az) təqdimatı keçirilib. APA-nın xəbərinə görə, təqdimatda TQDK-nın sədri Məleykə Abbaszadə, təhsil naziri Mikayıl Cabbarov, dərslik müəllifləri, müstəqil ekspertlər, dərsliklərin nəşr edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri, dövlət qurumlarının əməkdaşları iştirak edib.

TQDK-nın sədri Məleykə Abbaszadə çıxışında bildirib ki, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan işləri həyata keçirmək üçün təhsil heyəti öz gücünü birləşdirməlidir. Onun sözlərinə görə dərslik portalının yaradılması barədə müzakirələr bir ildən çoxdur aparılır və son 4 ay ərzində bu məsələ ilə bağlı komissiya və nazirlik arasında intensiv müzakirələr aparılıb. M. Abbaszadə qeyd edib ki, bu portal bütün müəllimlərin, ekspertlərin, hətta dərsliyi istifadə edən şagirdlərin də dərsliklərin yazılma prosesinə, dərsliklərlə bağlı aparılan araşdırma prosesinə qoşulmasına imkan verəcək: “Yeni informasiya texnologiyaları bizə imkan verir ki, vaxtımızı biz özümüz planlaşdıraq. Təbii ki, dərsliklərlə bağlı TQDK-da mütəmadi olaraq, seminarlar keçirilirdi. Ancaq hər bir müəllim bu prosesə qoşula bilməzdi. Kiminsə iş vaxtı buna imkan vermirdi, kimsə uzaq yerdə yaşayırdı. Bu platforma imkan verir ki, harada yaşamasından asılı olmayaraq, bizim müəllimlər, valideynlər, şagirdlər bu prosesə qoşulsunlar. Biz təhsil problemlərini müzakirə edəndə yadımızdan çıxarmamalıyıq ki, bu prosesdə ən vacib insan təhsil alandır. Ona görə biz onun da fikrini öyrənməliyik”.

M. Abbaszadə qeyd edib ki, bu platforma dərsliklər daim dəyişməsinə imkan verəcək. Onun sözlərinə görə, heç zaman yaxşı dərslik yaradıldığını və bunu 10-20 il istifadə etməyin mümkün olacağını demək mümkün deyil: “İndiki zamanda bu proses daim getməlidir. Ümid edirəm ki, bu prosesin davam etməsi sizin bu prosesə nə dərəcədə aktiv qoşulmağınızdan asılıdır. Belə bir portalın yaradılması bir-birlərinin səhvlərini və uğurlarını öyrənmək, ümumiyyətlə, bir-birimizi eşitməyə imkan verəcək”.

Təhsil naziri Mikayıl Cabbarov isə qeyd edib ki, dərsliklərin keyfiyyəti mövzusu və hazırlanması prosesi haqlı olaraq təhsil ictimaiyyətini-valideynləri, təhsil alanları, müəllimləri, cəmiyyətin bütün təbəqələrinin hər zaman diqqət mərkəzindədir. Bunun təbii hal olduğunu deyən nazirin sözlərinə görə, təhsilin keyfiyyəti, məzmunun çatdırılması, təhsil prosesinin səmərəliliyi birbaşa olaraq dərsliklərin keyfiyyətindən asılıdır: “Bir çox hallarda demək olar ki, dərslik müəlliflərinin yanaşmaları ilə onları təhlil edən təhsil ictimaiyyətinin nümayəndələri, ekspertləri və valideynlərin yanaşmalarında olan fikir ayrılığı, fərqlilik bu məsələ ətrafında olan qızğın diskussiyalar müəyyən mənada məqsədlərin fərqli görünməsi mənasına gətirib çıxarır. Əslində reallıq ondan ibarətdir ki, məqsəd eynidir. Təhsil prosesində iştirak edən hər bir valideyn, müəllif və ekspertin bir məqsədi var ki, daha keyfiyyətli dərsliyi təhsil sisteminə gətirilsin. Bugünkü layihənin fəlsəfəsi Təhsil Nazirliyi olaraq bizim üçün məqsədi odur ki, biz ümumi bir platformanı, yanaşmanı, məqsədin bir çox qurumlarla müzakirə etdik və yekun qərara gəldik. Biz bu sahədə məsuliyyət daşıyan qurumlar kimi düzgün işçi, şəffaf ab-havanın yaradılmasını təmin etməli, sivil fikir mübadiləsi, təhlil, iş prosesi üçün şərait yaratmalıyıq. Bu prizmadan portaldan böyük ümidlər bağlayıram”.

TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva yeni dərslik portalının mahiyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, derslik.edu.az ünvanında fəaliyyət göstərəcək dərslik portalında TQDK tərəfindən təhsil müəssislərində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin elmi metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər müəllimlərə dərsliklərlə işləməkdə metodiki köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar və yeni tədris proqramları əsasında hazırlanmış və dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallara dair qeyd və təkliflər yerləşdiriləcək.

Onun sözlərinə görə, portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi aydınlıq gətiriləcək: “Yeni nəşr ediləcək dərsliklərlə bağlı portala daxil olacaq qeydlər və təkliflər mütəmadi olaraq müzakirələrə çıxarılacaq və bu barədə portalda məlumat veriləcək. “Dərslik portalı” monitorinq, xəbərlər və müzakirə bölmələrindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR