AMEA Eroziya və Suvarma İnstitutunun direktoru: “Azərbaycanda suvarılan torpaqların 47,6 faizi şoranlaşıb”

AMEA Eroziya və Suvarma İnstitutunun direktoru: “Azərbaycanda suvarılan torpaqların 47,6 faizi şoranlaşıb”
# 10 noyabr 2014 13:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda suvarılan torpaqların 47,6 faizi bu və ya digər dərəcədə şoranlaşıb”.


APA-nın məlumatına görə, bunu bu gün “Bakı Elm Festivalı - 2014” çərçivəsində “Azərbaycanda torpaqların meliorasiyasının mövcud vəziyyəti və perspektivləri” mövzusunda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Eroziya və Suvarma İnstitutunun direktoru Seymur Səfərli söyləyib.


S.Səfərli bildirib ki, Azərbaycanda ən çox Kür-Araz ovalığındakı torpaqlar şoranlaşıb. O, şoranlaşmanın əsas səbəbinin suvarma qaydalarına düzgün riayət edilməməsi, sahələrin hamarlanmaması nəticəsinə suvarılan ərazilərdə çökək ərazilərə daha çox su yığılması, sovet dövründə qurulan suvarma sistemlərinin sıradan çıxması olduğunu qeyd edib.

İnstitut direktoru müasir suvarma qaydalarına riayət etməklə, məsələn, damcı və digər qaydalardan istifadə etməklə torpaqların şoranlaşmasının qarşısını almağın mümkün olduğunu vurğulayıb: “Azərbaycanda torpaqların təkrar şoranlaşması gedir. Biz ilk növbədə qrunt sularının aşağı salınmasına çalışmalıyıq. Fermerlər sovet dövründə çəkilmiş kollektor-drenaj kanallarını doldurub, torpaqlarını genişləndirməyə çalışırlar. Başa düşmürlər ki, bu kollektor sistemləri ilk növbədə onların torpaqlarını qorumaq üçündür”.


S.Səfərli Azərbaycan ərazisinin 43,3 faizinin eroziyaya məruz qaldığını da açıqlayıb: “Bitki örtüyü yoxdursa, torpağın səthi su və külək vasitəsi ilə sovrulur. Meşələrin qırılması, otlaqların həddən çox yüklənməsi, otarılması da eroziyaya yol açır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR