Tale Bağırovun məhkəməsində insident törətdiyi üçün tutulan şəxslərin əvvəllər məhkum edildikləri məlum olub

Tale Bağırovun məhkəməsində insident törətdiyi üçün tutulan şəxslərin əvvəllər məhkum edildikləri məlum olub
# 29 oktyabr 2013 14:27 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində vətəndaş Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində məhkəməyə gəlmiş vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında insident yaşanıb. Belə ki, həmin vətəndaşlar məhkəmə zalında ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin işini pozmağa cəhd ediblər. Onlar hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hətta hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd ediblər.

Həmin şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və 4 nəfərə xəsarət yetiriblər. Hüquqazidd əməllərin fəal iştirakçıları polis tərəfindən saxlanılıb və 4 nəfərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı məlum olub ki, onların bir qismi ümumiyyətlə Bakı sakini deyil və ayrı-ayrı bölgələrdən məhz bu məhkəmə prosesində iştirak etmək üçün paytaxta gəliblər. Narkoloji müayinə zamanı onlardan 3 nəfərin narkotik vasitədən istifadə etməsi məlum olub. Daha 3 nəfər isə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərdir.

Belə ki, saxlanılanlar - Abbasov Şəhriyar Xalid oğlu 2011-ci ildə Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) 2 il 9 ay, Hüseynov Abbas Məmmədbağır oğlu 2007-ci ildə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə (Hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozma) 1 il, Əsgərov Sənan Kamil oğlu 2002-ci ildə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə (Oğurluq) 3 il müddətinə məhkum olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR