Azərbaycanın energetika naziri Hindistanda keçirilən beynəlxalq neft-qaz konfransında iştirak edib

Azərbaycanın energetika naziri Hindistanda keçirilən beynəlxalq neft-qaz konfransında iştirak edib
# 23 yanvar 2014 14:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyev Hindistanın neft və təbii qaz naziri Veerappa Moilinin dəvəti ilə Nyu-Dehli şəhərində keçirilən «Petrotech-2014» XI Beynəlxalq neft-qaz konfransı və sərgisində iştirak edib.

Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «2030 Baxış: İnkişaf etməkdə olan Qlobal Enerji Səbəti – çağırışlar və imkanlar» mövzusunda təşkil edilmiş beynəlxalq konfrans-sərgidə təmiz və sərfəli enerji imkanlarının araşdırılması, karbohidrogen ehtiyatlarının kəşfi və hasilatı sahəsində yeni texnologiyaların tətbiqinə dair aparılan enerji siyasəti haqqında məlumat verilib.

Daha sonra hindistanlı nazir V.Moili belə bir konfrans və sərginin Hindistan tərəfindən keçirilməsi təşəbbüsünün neft və qaz sənayesinin inkişafı istiqamətində yaratdığı imkanlara və buraya cəlb olunan şirkətlər ilə dövlət strukturu arasında səmərəli investisiya mühitinin araşdırılmasına şərait yaratdığını diqqətə çatdırıb. Konfrans ümumilikdə enerjidən səmərəli istifadəni təmin etməklə xalqın yaşayış səviyyəsinin yüksəldilməsi, qlobal problemlər, risklər və digər əhəmiyyətli maneələrin aradan qaldırılması, neft və qaz ehtiyatlarının azalan və yüksələn temp ilə inkişafı istiqamətində görülən tədbirlərin müzakirəsinə həsr olunub.

Həmçinin, tədbir çərçivəsində Hindistanın baş naziri Manmohan Sinqh, həmçinin neft və təbii qaz naziri V.Moili və Azərbaycanın energetika naziri N.Əliyev ilə ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycanın region etibarı ilə Avropa və Asiya arasında yerləşməsinin enerji layihələrinin həyata keçirilməsində böyük təsiri, qonşu ölkələrin, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR