Azərbaycanda bu il 41 tondan çox ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Azərbaycanda bu il 41 tondan çox ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 19 dekabr 2013 14:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində növbəti tədbirini Salyanda keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 300-ə yaxın istehlakçı iştirak edib.

Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinin istehlakçı hüquqlarının qorunması olduğunu vurğulayıb. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran A.Əliyev Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan mühüm önəm kəsb etdiyini deyib.

O bildirib ki, bu il həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 41,4 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib. A.Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O qeyd edib ki, bu ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 190 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 000 yaddaş kitabçası hazırlanaraq paylanıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Tədbirdə xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib. Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müdafiəsinə dair müxtəlif mövzularda məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR