YAP: Azərbaycanda bir sıra partiyalar var ki, QHT-lər vasitəsilə beynəlxalq təşkilatlardan maliyyə alıb hökumət əleyhinə fəaliyyət göstərir

YAP: Azərbaycanda bir sıra partiyalar var ki, QHT-lər vasitəsilə beynəlxalq təşkilatlardan maliyyə alıb hökumət əleyhinə fəaliyyət göstərir
# 17 dekabr 2013 11:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın hakim partiyası ölkə qanunvericiliyində siyasi partiyalar və QHT-lərlə bağlı qəbul olunan son dəyişikliklərə etiraz edən partiya və QHT-ləri ittiham edib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, sırf şəffaflıq məqsədilə edilən bu dəyişiklərə etiraz edənlərə tək bir sual var: “Sizin fəaliyyətiniz şəffafdırsa, onda nədən qorxursunuz?”

O qeyd edib ki, bu qruplar ömrü boyu şəffaflıqdan danışır, amma şəffaflıq məsələsi gələndə hay-küy salınır ki, QHT-lər sıxışdırılır: “Burada məqsəd xarici mənbələrdən pul alıb ölkə əleyhinə fəaliyyət göstərən QHT-lərin qarşısını almaqdır. Burda siyasi partiyalarla bağlı məsələ səsləndi. Azərbaycanda bir sıra partiyalar var ki, QHT-lər vasitəsilə beynəlxalq təşkilatlardan maliyyə alıb hökumət əleyhinə fəaliyyət göstərir. Onlar vergi sənədlərində sıfır göstərirlər. Amma rəngləri günü-gündən açılır, çəkiləri çoxalır, cangüdənlər və 30-40 işçi saxlayırlar. Fəaliyyətlərini və gəlirlərini göstərmirlərsə, bunlar nə ilə yaşayırlar?”

Qərargah məsələsi ilə bağlı dəyişikliyə gəldikdə, S.Novruzov deyib ki, burda söhbət yeni yaradılan siyasi partiyalardan gedir: “İkincisi, dövlət heç bir təşkilat qarşısında öhdəlik götürməyib ki, ona qərargah verəcək. Get yer götür, icarə haqqı ödə fəaliyyət göstər, hələ bir dövlətin siyasətinə qarşı mübarizə apar, hökumət də səni qərargahla təmin etsin. Kim qanun çərçivəsində fəaliyyət göstərmək istəyir, buyursun. Kim istəmirsə, o da qanun qarşısında cavab verməlidir. Harda bir iğtişaş baş verirsə, QHT nümayəndəsi ordadır - sənin orda nə işin var? Misal üçün, REAL hərəkatının nümayəndəsi, sənin orda nə işin var? Kənardan izlə, bax, gör nə olacaq. İndi məhkəmə o işə baxır və müəyyənləşdirəcək ki, onun orda nə işi var idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR