Prokurorluq orqanlarında vakant yerlərə sənəd qəbulu yekunlaşıb

 Prokurorluq orqanlarında vakant yerlərə sənəd qəbulu yekunlaşıb
# 08 yanvar 2014 15:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda prokurorluq orqanlarında işə qəbulla bağlı sənədlərin qəbulu başa çatıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 100 ştat vahidi üzrə elan edilmiş növbəti müsabiqə ilə bağlı sənədlərin qəbulu 30 dekabr 2013-cü il tarixdə yekunlaşıb.

Müsabiqədə iştirak etmək üçün müraciət etmiş şəxslərdən qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən 373 namizədin sənədləri qəbul edilib.

Sənədlərini təqdim etmiş namizədlərin peşə hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə müsabiqənin aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət mərhələləri cari ildə təşkil ediləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçiriləcək test imtahanının vaxtı, yeri və imtahanla bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Baş Prokurorluğun Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək.

Namizədlərin diqqətinə çatdırılır ki, test tapşırıqlarının hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasından, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və Əmək məcəllələrindən, həmçinin “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlardan, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasından istifadə edilib.

Əlavə məlumat almaq üçün 492-62-23, 492-63-62, 437-28-56 və 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR