İranın “altılıq” ölkələri ilə danışıqları yarımçıq dayandırmasının səbəbi məlum olub

İranın “altılıq” ölkələri ilə danışıqları yarımçıq dayandırmasının səbəbi məlum olub
# 13 dekabr 2013 10:46 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında Vyanada ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələrinin erkən başa çatmasının səbəbi məlum olub.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran nümayəndə heyətinin ABŞ-ın İrana qarşı tətbiq edilmiş sanksiyaları pozduqlarına görə bəzi şirkətləri “qara siyahı”ya salmasına etiraz olaraq bu addımı atdığı bildirilir.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri dekabrın 9-da axşam saatlarında AEBA-nın mənzil-qərargahında öz işinə başlayıb. Danışıqlarda agentliyin mütəxəssisləri də müşahidəçi qismində iştirak ediblər. Müzakirələrdə Cenevrə razılaşmasının müddəalarının icraya yönəldilməsi əsas müzakirə mövzusu olub. Danışıqlarda Tehranı İran Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi məsələlər şöbəsinin müdiri Həmid Bəidinejadın rəhbərliyi altındakı nümayəndə heyəti təmsil edib. Onların arasında İran Mərkəzi Bankının və Neft Nazirliyinin nümayəndələri də olub və məqsəd bu ölkənin bank və neft sektoruna qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması üçün müzakirələr aparmaq mahiyyəti daşıyıb. “Altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Ştefan Klement rəhbərlik edəcək. Ancaq İran nümayəndə heyəti dörd gün davam edən danışıqlardan sonra dekabrın 12-də axşam saatlarında müzakirələri yarımçıq dayandıraraq Tehrana qayıdıb. Müzakirələrin bu həftənin sonunadək davam edəcəyi bildirilirdi.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi dekabrın 11-də İrana qarşı tətbiq edilmiş sanksiyaları pozduqlarına görə 19, dekabrın 12-də isə 18 hüquqi və fiziki şəxsi “qara siyahı”ya salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR