Azərbaycan və Türkiyə arasında iqtisadi məsləhətləşmələr keçirilib

Azərbaycan və Türkiyə arasında iqtisadi məsləhətləşmələr keçirilib
# 02 aprel 2014 15:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşü keçirilib.

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə konfederasiya ilə Türkiyə təşkilatları arasındakı mövcud vəziyyət müzakirə edilərək, gələcək əməkdaşlıq imkanları araşdırılıb. Həmçinin, Azərbaycan və Türkiyə iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr də aparılıb.

Görüşdə M. Musayev Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də ASK-nın iş adamlarına verdiyi dəstək barədə məlumat verib.

Türkiyənin Azərbaycandakı səfirliyinin Baş Ticarət Müşaviri Cengiz Turkay konfederasiyanın tərkibində yaradılan komissiyaların fəaliyyətinin genişləndiriləcəyi xəbərindən məmnunluğunu ifadə edib. O, iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların təşkilinin əhəmiyyətini qeyd edib, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd edib.

O qeyd edib ki, Türkiyə səfirliyi azərbaycanlı iş adamlarının Türkiyəyə investisiya yatırmasında və qardaş ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznesmenlərin Azərbaycanda sənayenin inkişafına xüsusi töhfə verməsində müvafiq tədbirlər həyata keçirirlər.

C. Turkay qeyd edib ki, bu il ərzində Türkiyədən 50 nəfər peşəkar ekspertdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur. Səfər zamanı azərbaycanlı iş adamları ilə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR