Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədrinin məhkəməsi başlayıb

Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədrinin məhkəməsi başlayıb
# 10 yanvar 2014 14:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri İmran Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Növbəti məhkəmə prosesi yanvarın 17-nə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Şabran rayon sakininin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri İmran Məmmədovun əlillik dərəcəsinin təyin edilməsi üçün rayon sakinlərindən rüşvət alması barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

İdarənin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən komissiyanın inzibati binasında məhkəmənin müvafiq qərarına əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallarla vətəndaşın müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapıb.

Müəyyən edilib ki, fevralın 20-də TSEK-in sədri İ. Məmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar xidməti otağında Şabran şəhər sakini Mircabbar Hüseynovdan bacısı Yeganə Abdullayevaya ömürlük əlillik dərəcəsinin təyini üçün 1.500 manat məbləğində pul tələb edib, M.Hüseynov da öz növbəsində həmin məbləği ona rüşvət kimi verib.

Cinayətkar fəaliyyətini davam etdirən İ.Məmmədov eyni məqsədlə ona müraciət edən M.Hüseynovun digər bacısı Qərənfil Abdullayevadan da 1.000 manat məbləğində pulu təkrarən rüşvət kimi alıb.

Baxış zamanı İ.Məmmədovun xidməti otağından 3.600 manat pul, müxtəlif şəxslərin adına olan müayinə işləri və digər sənədlər, yaşadığı evdən isə 31 ədəd bankomat kartları və 15.340 manat məbləğində pul aşkar edilərək maddi sübut kimi götürülüb.

Törətdiyi cinayət əməlinə görə İ.Məmmədov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR