Rezidenturaya keçirilən müsabiqənin nəticələri elan olunub

Rezidenturaya keçirilən müsabiqənin nəticələri elan olunub
# 16 sentyabr 2013 15:10 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) saat 15:00-dan etibarən 2013/2014-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən namizədlərdən 504 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 431 nəfər Azərbaycan bölməsinin, 73 nəfər isə rus bölməsinin namizədidir.


Qeyd edək ki, istiqamətlər üzrə ixtisasların seçimində iştirak etmək üçün plan yerlərinin sayı və namizədlərin imtahandakı nəticələri nəzərə alınaraq Sosial gigiyena və səhiyyənin təşkili, Gigiyena, Mikrobiologiya, Laboratoriya işi, Genetika və Epidemiologiya ixtisaslarını, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin ixtisaslarını seçmək üçün tələb olunan müsabiqə şərtləri baza fənləri üzrə 35 bala, ixtisas fənləri üzrə isə 45 bala endirilib. Digər ixtisaslar üçün isə müsabiqə şərtləri baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə isə 50 bal tələbi dəyişməyərək qoyulan minimal tələblər (müsabiqə şərtləri) bu cür olub.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı, ixtisas fənləri üzrə test imtahanından toplanılan bal göstəriciləri nəzərə alınıb.

Rezidenturanın mülki ixtisaslarına qəbul olunan şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 23-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Hərbi tibb fakültəsinin rezidenturasına qəbul olanlar göstərilən müddətdə Müdafiə Nazirliyində, Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbul olanlar isə həmin müddətdə universitetin tibb fakültəsində qeydiyyata düşməlidirlər.

Rezidenturaya qəbul olan şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR