Ağcabədidə oğurluqla məşğul olan şəxslər tutulub

Ağcabədidə oğurluqla məşğul olan şəxslər tutulub
# 14 yanvar 2014 11:18 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi rayonunda həyətlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb. Ağcabədi rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, son günlər vətəndaşlara məxsus mal-qaranın oğurlanması faktı ilə şöbəyə daxil olan müraciətlər əsasında polisin apardığı əməliyyat-axtarış tədbirləri üz nəfərdən ibarət qrupun yaxalanması ilə nəticələnib. Belə ki, sonuncu dəfə rayonun Hüsülü kənd sakini Həsənova Nərgiz Firidun qızı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bir baş iribuynuzlu heyvanının oğurlandığını bildirib. Görülən tədbirlər nəticəsində məlum olub ki, oğurluğu Ağdaş rayonunun Xosrov kənd sakinləri, 1986-cı il təvəllüdlü İsayev İsmayıl Vahid oğlu, 1992-ci ildə anadan olmuş Mahmudov Ramin Arif oğlu və onun həmyaşıdı Əlizadə Şahin Hakim oğlu törədiblər. Məlum olub ki, onlar dəfələrlə Hüsülü kəndində yaşayan tanışlarının evinə gələrək orada gecələyib, tezdən gedəndə isə hansısa kənd sakininin heyvanını oğurlayıblar. Həmin şəxslər oğurladıqları heyvanı sözügedən yaşayış məntəqəsinin yaxınlığındakı mal bazarında satıb gedirmişlər. Oğurluqda şübhəli bilinənlərin üçü də polis tərəfindən saxlanılaraq istintaq təhvil verilib. Onların başqa oğurluq əməlinin olub-olmaması da araşdırılır.

Daha bir oğurluq əməlinin də üstünü açan Ağcabədi RPŞ-nin əməkdaşları təsərrüfat malları mağazalarından elektrik cihazları oğurlayan rayon sakinin saxlayıblar. Bu isə rayonun Cəfərbəyli kənd sakini Əbilov Səxavət Allahverdi oğludur. Onun Ağcabədi şəhər sakini Mirzəyev Elnur Sabir oğluna məxsus mağazadan elektrik generatoru oğurladığı bildirilib. S. Əbilov istintaqa ifadəsində başqa-başqa ünvanlardan da kiçik həcmli su nasosları apardığını etiraf edib.

Hər iki fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR